Accessibility links

“Heç siqaret də çəkə bilmirəm... Gördüm cibimə balaca bir şey atıblar”


Azad Həsənov
Azad Həsənov

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı Pərviz Rzayev ittiham aktını elan etdikdən sonra Azad Həsənov sərbəst ifadə verib.

O deyib ki, 2014-cü ildən Litvanın Vilnyus şəhərində yaşayır.

“Atam onkoloji xəstə idi. Ayağını kəsiblər, sonra infarkt keçirib. Gördüm ki, ölüm ayağındadır. Fikirləşdim ki, sağ ikən atamı görüm. Anam öləndə onun yasına gələ bilməmişdim. 2018-ci il oktyabrın 11-də tələsik Bakıya gəldim. Atamla görüşdüm. Sonra xəstə dayıma baş çəkdim. Ordan məscidə günorta namazına getdim. Namazdan sonra anamın qəbrini ziyarət etdim. Həmin gün saat 16 radələrində küçədə məni zorla maşına mindirib, Bakı şəhər Baş Polis İdarəsinə apardılar. Orada qoluma qandal vurdular. Dedilər ki narkotik artıq sənin cibindədir. Mənim o narkotikdən xəbərim yox idi. Yəqin ki, Baş Polis İdarəsinin binasının qabağında qolumu burub başımı aşağı əyərkən bu narkotiki cibimə qoymuşdular,” o qeyd edib.

Həsənov deyib ki, ömrümdə narkotik görməyib.

“Heç siqaret də çəkə bilmirəm. Orada gördüm cibimə balaca bir şey atıblar.”

O bildirib ki, 19 yaşından Müsavat Partiyasının üzvüdür.

“Həmişə müxalifətin aksiyalarında iştirak etmişəm.”

Məhkəmədə daha sonra Azad Həsənovun həbs edilməsi əməliyyatına rəhbərlik etmiş Bakı şəhər Baş Polis İdarəsinin əməliyyatçısı Elvin Kazımov ifadə verib. O, oktyabrın 11-də Azad Həsənovun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı aldığını, əməliyyat qrupu yaratdığını və Suraxanı rayonunun Hövsan qəsəbəsində Azad Həsənovu həbs etdiklərini deyib.

Azad Həsənov əməliyyata Elvin Kazımovun rəhbərlik etmədiyini bildirib.

“Mən həbs olunarkən maşında bir nəfər qabaqda sürücünün yanında oturmuşdu. Bir nəfər sağımda, iki nəfər isə solumda bir-birinin qucağında oturmuşdu. Bu adam bir-birinin qucağında oturan iki nəfərdən biri idi.”

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Azad Həsənov oktyabrın 11-də ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Evinin yaxınlığında saxlanılan Azad Həsənov narkotika ittihamı ilə həbs edilib. Müsavat Partiyası Azad Həsənova qarşı itihamın uydurma olduğunu bəyan edib.

XS
SM
MD
LG