Accessibility links

Eldar Sabiroğlu: "Deyir, ata, biri başımı təpiklə sıxır, biri dubinka ilə vururdu...[Audio-Müsahibə]


Pentensiar Xidmət işgəncə barədə deyilənləri təkzib edir

Hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu Amerikanın Səsinə müsahibəsində cəzaçəkmə müəssisəsində oğlunun işgəncələrə məruz qaldığını iddia edir.

Penitensiar Xidmət isə deyilənləri təkzib edir və cəzaçəkmə müəsisəsində heç bir işgəncə olmadığını bildirir.

Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bildirib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

Amerikanın Səsi: Sosial mediada və yerli mediada oğlunuza 9 saylı Cəzaçəkmə Müəssisəsində işgəncələr verilməsi ilə bağlı məlumatlar yayıbsınız. Bu nə dərəcədə həqiqətə uyğundur?

Eldar Sabiroğlu: Həqiqətə belə uğunduir ki, dünən mən, anası və həyat yoldaşı Rüfətlə 10 günlük karsdan (cətrimə kamerası) sonra görüşdük. O, başına gətirilənlərin hamısını bir-bir nağılladı.

Amerikanın Səsi: Nə baş verib?

Eldar Sabiroğlu: Mən dəhşətə gəldim. Aclıq aksiyasına qoşulmaq barədə rəhbərliyə ərizə təqdim edəndən sonra aşağıda (həyət-red) bir qrup əməkdaş (əməliyyat qrupuna daxil olan əməkdaşlar) ona hücum edib, yıxıblar yerə, başını təpiklə əziblər, dubinka ilə döyüblər, təhqiramiz ifadələr, söyüşlər. Bunlar onu göstərir ki, Rüfətin vəziyyəti olduqca ağırdır. Ondan intiqam almaq

Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)
Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)

üçün başına hər bir iş gətirə bilərlər və hər şey edə bilərlər. Açıqlamamda bir şey yadımdan çıxıb, yazmamışam. Deyir, ata, başımı təpiklə biri sıxır, dubinka ilə biri vurur, boğulan vəziyyətdə təpiyini başımdan çəkdi və başıma bir vedrə soyuq su tökdülər. Elə bil məni xolodelnikin (soyuducu-red) içinə atdılar, titrəyirdim, dözə bilmirdim. O qədər (mən başqa ifadə tapa bilmirəm) amansızlığın nə mənası var? Onsuz da bunu nahaqdan şərləyərək 9 il həbsxanaya atdınız. Daha bundan sonra nə istəyirsiniz? O, sözünü deyib, hakimiyyətin hazırki siyasəti ilə barışmayıb. Rüşvətxorluğa və korrupsiyaya etiraz əlaməti olaraq istefa verib. Əlində nə silahı olub, nə terroristdir, nə narkomandır. Mən başa düşmürəm, istədikləri nədir.

Amerikanın Səsi: Hadisə nə vaxt baş verib?

Eldar Sabiroğlu: Sentyabrın 22-də aclıq aksiyası haqqında ərizəni rəhbərliyə təqdim edəndən sonra belə bir vəziyyət yaranıb.

Amerikanın Səsi: Bu faktla bağlı şikayət veribsiniz və ya vəkili şikayət verib?

Eldar Sabiroğlu: Vəkil məhkəməyə və prokurorluğa bu barədə müraciət etməyə hazırlaşır. Yəqin ki, bu gün və ya sabah məsələ həllini tapacaq.

Amerikanın Səsi: Sizin Azərbaycan hökumətinə, Penitensiar Xidmətin rəhbərliyinə sözünüz var?

Eldar Sabiroğlu: Heç bir sözüm yoxdur. Onlardan gördüyümü artıq gördüm. Söhbətlərim də olub, hərəsi bir cür danışır, guya can yanğısı göstərirlər. Amma mövcud reallıq ondan ibarətdir ki, oğluma çox pis işgəncələr veriblər..

Öz növbəsində, Penitensiar Xidmət E.Sabiroğlunun söylədiklərini inkar edib. Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov "Rüfət Səfərova və ya digər hər hansı şəxsə işgəncə verilməsinin mümkünsüz" olduğunu bildirib.

Karserə salınmasına gəlincə, M.Sadıqovun sözlərinə görə, mühakimə olunmuş şəxs və ya onun vəkili bu qərardan məhkəməyə şikayət verə bilər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG