1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri, həbsdə olan Cahangir Hacıyevin 13 saylı Cəzçəkmə Müəssisəsi və Penitensiar Xidmətə qarşı şikayətini "məqbul" saymayıb. Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib. O, məhkəmədə C.Hacıyevi həmkarı Aqil Layicovla birgə təmsil edib.
C.Hacıyev hüquqi və tibbi yardımdan məhrum olunmasından şikayət edib. Belə ki, vəkillərin sözlərinə görə, iki aydan çoxdur ki, onlar C.Hacıyevlə görüşə buraxılmır.
Həmçinin C.Hacıyevin doğmaları ilə görüşunə də iimkan verilmir.
"Qərəzli münasibəti, hüquqlarının pozulmasını və əsassız olaraq cərimə kamerasına (karser) salınmasını nəzərə alaraq, Cahangir Hacıyev hüquqlarının pozulmasının tanınmasını və 13 saylı Cəzaçəkmə Müəssisəsindən başqa cəzaçəkmə müəssisəsinə köçürülməsini məhkəmədən xahiş edib", vəkil bildirib. Ancaq məhkəmə iddianı məqbul saymayıb.
Vəkil qeyd edib ki, müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Amerikanın Səsi Penitensiar Xidmətdən şərh ala bilməyib. Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq məhbusların hüquqlarının pozulması ilə bağlı iddiaları qəbul etmir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi cəzaçəkmə müəssisələrində məhbuslara qarşı münasibətin qanunvericiliyin normalarına uyğun tənzimləndiyini bildirir.
2015-ci ildə Azərbaycan Beynəlxalq Bankında (ABB) iri maliyyə pozuntularının və xaricə kapital axınının üstü açılıb. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib. O, özünü günahkar saymayaraq bildirib ki, bütün böyük kreditlər Müşahidə Şurasının razılığı ilə ayrılıb.
Onunla yanaşı ABB-nin bəzi filiallarının keçmiş rəhbərləri də azadlıqdan məhrum edilib.