Accessibility links

Daha bir facebook fəalının məhkəməsi davam edir


Ömər Məmmədov
Ömər Məmmədov

“AzTV-dən seçmələr” səhifəsinin adminstratoru olan Ömər Məmmədov narkotik ittihasmı ilə həbs edilib

Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik ticarətində ittiham olunan 19 yaşlı facebook fəalı Ömər Məmmədovun işi üzrə proses davam edib.

Bu gün keçirilən iclasda vəkillər bir neçə sənədin işə əlavə edilməsi haqqında vəsatət qaldırıblar: Nərimanov rayon məhkəməsinin Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin Məmmədovun saxlanılması və onun üzərində axtarış aparılmasının qanunauyğunluğunun yoxlanılması üçün müraciət etmədiyi haqqında cavabı.

Qanunvericiliyə əsasən, sözügedən tədbir məhkəmə sanksiyası olmadan həyata keçirilibsə, polis 48 saat ərzində məhkəməyə məlumat verməlidir.

Bundan başqa, vəkil hal şahidi qismində Elnur Məhərrəmov adlı eyni şəxsin iştirak etdiyi işlər üzrə bir neçə məhkəmə hökmündən çıxarışlar təqdim edib.

Vəkil həmçinin Ö.Məmmədovun atası Elyarın məhkəməyə çağırılması haqqında vəsatət qaldırıb.

Onu oğlunun saxlanmasından iki gün əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (MCMBİ) çağırıblar və təzyiq göstərərək, Ömərin facebook-dakı fəaliyyətinə son qoymasını tələb ediblər.

Müdafiə tərəfi həmçinin Məmmədovu və atasını dindirən MCMBİ əməkdaşlarının şahid qismində çağırılması haqqında vəsatət qaldırıb.

Vəkil Əlaif Həsənov həmkarının vəsatətlərini dəstəkləyib. Lakin hakim yalnız sənədlərin işə əlavə edilməsi haqqında vəsatəti təmin edib.

Daha sonra şahid qismində DİN-in Narkotiklərə qarşı Mübarizə İdarəsinin baş əməliyyatçısı İlkin Ələkbərov dindirilib.

O, metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında stamotoloji klinikadan çıxarkən Məmmədovu saxlayanlardan biri olub.

Onun iddiasına görə, Ö.Məmmədov özü üzərində narkotik maddə olduğunu etiraf edib və onlar polis idarəsinə gediblər, ona heç bir təzyiq göstərilməyib.

Lakin müttəhim iddia edir ki, məhz Ələkbərov onun cibinə narkotik atıb.

Polis isə iddia edib ki, Məmmədov polisdə “özünü yaxşı aparıb”.

Bu zaman vəkillər Ələkbərovun Məmmədovun özünü necə apardığından necə xəbəri olduğunu soruşublar.

Belə ki, onun işi saxlanılan şəxsin polisə çatdırılması ilə yekunlaşır. Deməli, o, saxlanılan şəxsin dindirilməsində iştirak edib ki, buna da hüququ yox idi.

Buna cavabda polis deyib ki, Məmmədovun mobil telefonunu, pul kisəsini və narkotikləri “könüllü” təhvil verməsini nəzərdə tutur.

Ələkbərov vəkillərin Məmmədovun saxlanılması üçün əsas olan “əməliyyat məlumatında” konkret olaraq nə deyildiyi haqqında sualına aydın cavab verə bilməyib.

Lakin vəkil X.Bağırov bildirib ki, iş materiallarında qrup rəhbəri Məmmədovun narkotik “satdığı” haqqında məlumat olduğunu yazıb.

Şahidin nəzakətsiz davranışı Məmmədovun doğmalarının və dostlarının da narazılığına səbəb olub. Proses 6 iyun saat 16.00-da davam etdiriləcək.

Ömər Məmmədov “Axın” Gənclər Hərəkatının rəhbəri və Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA Hərəkatına qayıdıb.

Məmmədov sosial şəbəkələrdə fəal iştirak edirdi, xüsusən, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturalar, kollajlar və şərhlər yer alan “AzTV-dən seçmələr” səhifəsinin administratorlarından biri idi.
XS
SM
MD
LG