Accessibility links

Gənc fəal Orxan Eyyubzadənin həbs müddəti uzadılıb


Həbs
Həbs

Vəkil qərardan apellyasiya şikayəti verəcək

İyunun 24-də Binəqədi rayon məhkəməsi polisə müqavimətdə təqsirləndirilən gənc fəal Orxan Eyyubzadənin həbs müddətini bir ay uzadıb.

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, qərar əsassızdır, Eyyubzadə barəsində istintaq aparılmır və onu həbsdə saxlamağın mənası yoxdur.

Mustafayevin sözlərinə görə, bu qərardan apellyasiya şikayəti veriləcək.

Vəkil həmçinin qeyd edib ki, Eyyubzadənin həbsdə saxlanılması həm də təhlükəlidir, belə ki, gəncin aradabir qıcolmaları olur və ona heç bir tibbi yardım göstərilmir.

Vəkil gəncin inzibati həbs cəzası çəkərkən polisə müqavimət göstərməkdə ittiham olunmasını absurd adlandırıb. Onun sözlərinə görə, ötən ilin sonunda həbsi zamanı məhz polis fəala qarşı güc tətbiq edib.

Xatırladaq ki, Eyyubzadə mayın 6-da 8 NİDA fəalı barəsində hökmə etiraz aksiyasında iştiraka görə 20 gün müddətinə həbs edilib. Lakin həbs müddəti bitdikdən sonra, o, azadlığa buraxılmayıb.

Fəal Binəqədi rayon məhkəməsinə gətirilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək) həbs edib. Bu maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

XS
SM
MD
LG