Accessibility links

Vəkil: Gözəl Bayramlının həyatına ciddi təhlükə yaranıb


AXCP sədrinin müavini Gözəl Bayramlı
AXCP sədrinin müavini Gözəl Bayramlı

İyunun 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı ilə bağlı istintaq hərəkəti aparılıb. Bu barədə vəkil Əsabəli Mustafayev facebook səhifəsində məlumat yayıb.

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-da Səbael rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun əşyaları arasına atıb və həbsi siyasi xarakter daşıyır.

AXCP sədri Əli Kərimli G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirib. Ə.Kərimli vurğulayıb ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

Vəkil bildirir ki, bu günki istintaq hərəkəti zamanı Bayramlıya məhkəmə-tibb ekspertizasının təyin olunması haqqında istintaqın qərarı elan olunub.

“Sərhəddə saxlanılan zaman Gözəl xanım zədə almışdı. İndi həmin xəsarətlə bağlı tibbi ekspertiza keçirmək istəyirlər. Biz məsləhətləşərək belə qərara gəldik ki, artıq bu ekspertizanın keçirilməsinə zərurət yoxdur, çünki uzun zaman keçdiyi üçün xəsarətin mövcudluğunu və dərəcəsini müəyyən etmək mümkün deyil. Bu fikri Gözəl xanım protokolda qeyd etdi”.

Bu onun həyatına ciddi təhlükə yaradır. Həkimlər dəfələrlə müayinə ediblər, ancaq müayinənin cavabını gizlədirlər

Mustafayev yazır ki, Gözəl Bayramlı ilə söhbət əsnasında onun səhhətindəki problemlərin həddindən artıq kəskinləşdiyi məlum olub.

"Bu onun həyatına ciddi təhlükə yaradır. Həkimlər dəfələrlə müayinə ediblər, ancaq müayinənin cavabını gizlədirlər.

Müayinə nəticəsində heç bir müalicə təyin olunmayıb”.

Vəkilin sözlərinə görə Tbilisidən gələrkən onun üzərində olan reseptlər və dərmanlar hələ qaytarılmayıb.

“Eyni zamanda onun telefon zəngi hüququ ciddi surətdə məhdudlaşdırılıb. Artıq 3 həftədir ki, heç kimlə telefon əlaqəsi saxlaya bilmir. Bu hal da ona güclü mənəvi və psixoloji zərər vurur, səhhətindəki problemləri daha da gücləndirir.

Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev

Ona qarşı olan bu qanunsuz basqılar haqqında Gözəl Bayramova ombudsman Elmira Süleymanovaya müraciət edib. Gözəl xanım müraciətində ombudsmanla şəxsən görüşməyi tələb edib. Çünki bu basqılar Gözəl xanımın həyatına təhlükə yaradıb”.

Vəkil hesab edir ki, ombudsman siyasi məhbus qadının həyatına yaranmış təhlükəni araşdırmaq üçün Gözəl xanımla şəxsən görüşməli və onu dinləməlidir.

Vəkillər də öz tərəfindən bu məsələlərin hüquqi müstəvidə həllinə səy göstərəcəklər.

Mustafayev bu gün eyni zamanda həbsdə olan AXCP fəalı Fuad Əhmədli ilə görüşüb.

“Gözəl xanımın və Fuad bəyin çəkdiyi sıxıntılara baxmayaraq yüksək əhvaldadırlar və bütün dostlara salam göndərirlər”, vəkil qeyd edib.

Fuad Əhmədli
Fuad Əhmədli

Fuad Əhmədli 2016-cı ilin avqustunda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması) və 308-ci maddəsinin 1-ci bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittihamla həbs olunub. Bu ilin martında ittihamlar 308-ci maddənin daha ağır cəza nəzərdə tutan 2-ci bəndinə tövsif edilib. İstintaq Əhmədlini işçisi olduğu "Azərfon" mobil rabitə şirkətinin abunəçilərinin şəxsi məlumatlarını yaymaqda ittiham edir.

Əhmədli ittihamları qəbul etmir, siyasi sifariş kimi qiymətləndirir. Onun həbsi iqtidarın siyasətini kəskin tənqid edən facebook statusundan sonraya təsadüf edir.

Iyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Fikrət Qəribovun sədrliyi ilə AXCP fəalı Fuad Əhmədliyə 4 il həbs hökmü çıxarıb.

Hakim Fuad Əhmədlinin məhkəmə istintaqı zaman ağır cinayət işlətməsinin sübut olunmadığını bildirib və bu səbədən ona qarşı qaldırlmış Cinayət Məcllləsinin 308.2-ci maddəsini 308.1 maddəsinə (az ağır cinayət) tövsif edib.

Penitensiar Xidmət vəkilin yazdıqlarına hələ münasibət bildirməyib. Bununla yanaşı, bir qayda olaraq Penitensiar Xidmət barəsində həbs qətimkan tədbiri seçilənlərin və məhbusların qanunvericiliyə uyğun saxlaıldığını bildirir.

XS
SM
MD
LG