REAL Partiyasının Yasamal Məclisinin üzvü Anar Məmmədov iyulun 8-də 10 sutka inzibati həbsə məhkum edilib.Bu barədə Amerikanın Səsinə REAL-ın Məclis üzvü Natiq Cəfərli bildirib.
Yasamal Rayon Məhkəməsi hakim Hüseyn Səfərovun sədrliyi ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) əsasında fəala qarşı həbs qərarı çıxarıb.
REAL Partiyası hesab edir ki, Məmmədovu mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə partiyanın keçirdiyi yürüşə görə həbs ediblər.
REAL Partiyasının fəalı iyunun 7-də polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, REAL Partiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə İstiqlaliyyət küçəsində keçirdiyi yürüşdən sonra artıq 5 fəal həbs edilib, 50-dən çox fəala xəbərdarlıq edilib. Fəallardan 3-ü 30, biri 25 sutka inzibati həbsə məhkum edilib.