Accessibility links

Gəncədə sui-qəsd cəhdi ilə bağlı daha 11 nəfər həbs edilib


Həbs
Həbs

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən APA agentliyinə verilən məlumata görə, icra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanılıb.

Saxlanılanların 7 nəfəri Gəncə şəhər, 1 nəfəri Bakı şəhər, 1 nəfəri Tərtər, 1 nəfəri Yevlax, 1 nəfəri isə Neftçala rayon sakinidir.

Bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edilib. Sui-qəsdə cəhd edən Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı Yunis Səfərov həbs edilib.

Fakt üzrə Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd ) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Rəsmi orqanlar hesab edirlər ki, Rusiya vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. Azərbaycan rəsmiləri Səfərovun 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriyanın ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyini iddia edir.

"Araşdırmalar göstərir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyulun 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib", Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

XS
SM
MD
LG