Vəkil Fəxrəddin Mehdiyevi "Beynəlxalq Bank"ın həbsdəki sabiq sədri Cahangir Hacıyevlə görüşə buraxmayıblar.
Bu haqda AzadlıqRadiosuna vəkilin özü bildirib.
Onun sözlərinə görə, bu gün, sentyabrın 29-da iki dəfə C.Hacıyevin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinə gedib. Ancaq müvəkkili ilə görüşə bilməyib.
F.Mehdiyevə texniki problemlərin olduğu, görüşün bu üzdən alınmadığını bildiriblər.
"Müəssisədə bildirdilər ki, vəkillərin məhbuslarla görüşməsi üçün nəzərdə tutulan otaq məşguldir. Başqa vəkil görüşür", deyən vəkil bunun qanunsuz olduğunu bildirib.
O, qeyd edib ki, 2 gündür, müvəkkili ilə görüşməsinə imkan verilmir. Vəkil cəzaçəkmə müəssisəsinin rəisi ilə görüçmək istəyib, ancaq bu da alınmayıb. Rəisin müəssisədə olmadığını bildiriblər.
F.Mehdiyevin deməsinə görə, Cahangir Hacıyevə 7 sutka cərimə kamerası cəzası verilib.
Qeyd edək ki, vəkilləri iki gündür C.Hacıyevlə görüşmək istəsələr də, görüşə imkan verilmədiyini açıqlayıblar.
Sentyabrın 27-28-də vəkillər Aqil Layic və F.Mehdiyev 13 saylı Cəzaçəkmə Müəssisəsində olub. Ancaq görüş baş tutmayıb.
Vəkillərin açıqlamasını hələlik Penitensiar Xidmət şərh etməyib.
Cahangir Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla 15 il azadlıqdan məhrum edilib.
C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində suçlu bilinir.
Ancaq o, özü ittihamları qəbul etmir.