Accessibility links

Eldar Sabiroğlu: Rüfətin həyatı doğurdan təhlükə altındadır


Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

Rüfət Səfərovla bağlı 9 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) işgəncə faktlarının araşdırılması üçün vəkil Bəhruz Bayramovun Xəzər rayon Prokurorluğuna müraciəti ilə əlaqədar prokurorluq orqanları araşdırma aparıb və nəticə olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib. Bu barədə Rüfət Səfərovun atası Eldar Sabiroğlunun bəyanatında deeyilir.

Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. Eldar Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbər şəxlərini sərt tənqid edib.Həmin ilin dekabrında isə Rüfət Səfərov qanunçuluğu pozduğuna və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bildirib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. O 2017-ci ilin sentyabrında cəzaçəkmə müəssisəsində cərimə kamerasına salınıb. Keçmiş müstəntiq bundan öncə də cərimə kamerasına salınmışdı.

Müdafiə tərəfi iddia edir ki, R.Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Azər Qurbanzadənin iştirakı ilə sentyabrın 22-də işgəncəyə məruz qalıb.

Həmin vaxt yaxınları və vəkilləri onunla görüşməyə cəhd etsə də, buna icazə verilməyib. Görüş yalnız sentyabrın 26-da baş tutub. Həmin vaxt R.Səfərov vəkilinə ona zor tətbiq edilməsi - qolunun bağlanması, işgəncə verilməsi barədə məlumat verib.

Bu gün Rüfət Səfərovun atası Eldar Sabiroğlu bildirib ki, hələlik tam təfərrüata varmır və bəzi izahatların açıqlanmasına lüzum görmür.

“Yəqin ki qısa müddətdə hər şey barədə ictimaiyyəti ətraflı məlumatlandıracam. Prokurorluğun qərarında materiala əlavə edilmiş 9 saylı CÇM-nin verdiyi bir xarakteriskanı diqqətinizə çatdırmağı vacib sayıram. Bildirilir ki, məhkum Səfərov Rüfət Eldar oğlu müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlər etməyə, əməkdaşları şantaj etməyə, dövlətçiliyə qarşı çıxmağa, müxalif yönəlmiş təbliğatlar aparmağa, özündən zəif iradəliləri öz təsir altına salmağa, özünə və ətrafdakılara xəsarət yetirməyə meyillidir. Siz ittihamın ölçüsünə baxın. Rüfətin həyatı doğurdan təhlükə altındadır. Adətən bu xarakteriskanı xüsusi təhlükəli residivistlərə verirlər. Deməli, günün birində Rüfətin başına istənilən əməli gətirə bilərlər. Rüfət nə dəli, nə də psixi xəstədir. Xarakteriskadan yalnız bu nəticəyə gəlmək olur ki, onu qarşıda ən ciddi təhlükələr gözləyir. Yuxarı orqanlara özünü yaxşı göstərmək naminə yalan və böhtan xarakteriskalar vermək heç də dövlətçiliyə xidmət nümunəsi sayıla bilməz. Yuxarda dediyim kimi hələlik qərardan bu fikirləri ictimailəşdirmək istədim. İzahatların üzərinə isə mütləq gələcəm”, ata Rüfət Səfərovun facebook səhifəsində yaydığı bəyanatında bildirir.

Penitensiar Xidmət hələ Eldar Sabiroğlunun bu bəyanatına münasibət bildirməyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG