“Qardaşım Saleh və qardaşım oğlu Vidadi Rüstəmovların taleyindən çox narahatıq. Rüstəmovların taleyi ilə bağlı ailə üzvlərinə hər hansı məlumat verilmir. Biz ailə üzvləri onların ağır işgəncələrə məruz qaldığını düşünürük”. Bu barədə Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov Amerikanın Səsinə müsahibəsində bildirib.
Saleh Rüstəmov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-93-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub. O hazırda Rusiya vətəndaşıdır.
Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə Saleh Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı oğlu Vidadi Rüstəmli mayın 10-da saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.
Taleh Rüstəmov Amerikanın Səsinə bildirib ki, məhkəmənin həbs qətimkan tədbiri seçməsinə baxmayaraq qanunsuz olaraq Saleh Rüstəmov mayın 8-dən, qardaşı oğlu Vidadi Rüstəmov isə mayın 10-dan Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
“Respublika rəhbərlərinə dəfələrlə teleqram vurmuşam, Ombudsman Aparatına müraciət etmişəm. Yalnız Ombudsman Aparatından qardaşım və qardaşım oğlunun saxlanma yeri barədə məlumat veriblər. Onların işgəncəyə məruz qalması ilə bağlı isə Ombudsman Aparatı prokurorluğa müraciət etməyimizi məsləhət bilib”, o qeyd edib.
Mayın 18-də Bakı Apellyasiya Məhkəmisində məhkəmə iclası təyin olunmasına baxmayaraq Saleh və Vidadi Rüstəmovlar məhkəməyə gətirilmədiyindən məhkəmə iclası təxirə salınıb.
“Bu gün, mayın 21-də həm Salehdən, həm də Vidadidən məhkəmədə iştirak etmək istəmədikləri barədə məktub alıblar. Hətta Vidadi ailəsinin tutduğu vəkillərdən imtina edib. Bunlar inandırıcı deyil. Sadəcə bu iltizamlar işgəncə altında alınır. Qardaşım və qardaşım oğlunun bədənində işgəncə izlərinin itməsi üçün onları məhkəmə qarşısına çıxarmirlar”, o qeyd edib.
Taleh Rüstəmov Saleh Rüstəmovun həyat yoldaşının Rusiya Xarici İşlər Nazirliyinə və Rusiyanin Azərvbaycandakı səfriliyinə məlumat verdiyini bildirib.
“Həyat yoldaşı Rusiya Xarici İşlər Nazirliyinə yazıb ki, Saleh Rüstəmova işgəncə verilib, bu səbədən də üzə çıxarılmır, məhkəməyə gətirilmir. Onunla üç dəfə görüşməyə cəhd ediblər, lakin görüşə bilməyiblər. Sonra Ombudsmandan mənə məktub gəlib ki, işgəncə faktı ilə bağlı onlara yazım prokurorluğa müraciət edəcəklər”, o qeyd edib.