Accessibility links

Hələbdən vətəndaşların təxliyyəsi dayandırılıb


Hələb sakinlərinin şəhərdən təxliyyə edilməsi dayandırılıb. Yüzlərlə insan hələ də şəhərin şərq hissəsində ilişib qalıb. Cümə günü maşın karvanı sakinləri şəhərdən çıxaran zaman partlayışların baş verdiyi bildirilir.

Dövlətə məxsus media üsyançıların hökumətlə atəşkəsə dair razılığı pozduğu haqda məlumat verilib. Sakinlərin təxliyyə edilməsinin yenidən nə zaman başlayacağı məlum deyil.

Rusiyanın Müdafiə nazirliyi təxliyyənin başa çatdığını və “bütün qadınlar və uşaqların üsyançıların nəzarəti altında olan ərazilərdən çıxarıldığını” bildirib. Nazirlik şəhərin şərq hissəsində yalnız “üsyançılar və barışmaz militantların” qaldığını bildirib.

Rusiya prezidenti Vladimir Putin bundan öncə Suriyada ölkə boyu atəşkəsə nail olunması məqsədilə Rusiyanın Türkiyə ilə birgə iş apardığını deyib.

Yaponiyaya səfəri zamanı açıqlama verən Vladimir Putin onun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya hökuməti və müxalifətlə danışıqlara başlanılması təklifi irəli sürdüklərini bildirib. Danışıqların Qazaxıstan paytaxtı Astanada keçirilməsi mümkündür.

ABŞ prezidenti seçilmiş Donald Tramp cümə axşamı günü Pensilvaniyada keçirdiyi tədbirdə Birləşmiş Ştatların Suriyada “təhlükəsizlik zonaları” yarada biləcəyini bildirib.

XS
SM
MD
LG