“Biz populyarlıq üçün jurnalist olmuruq. Bizim əsl işimiz həqiqəti tapmaq və cavab alana qədər liderlərimizə təzyiq göstərməkdən ibarətdir.” -Helen Tomas, Amerika jurnalisti
Ağ Evin ən qocaman müxbirlərindən biri, Amerikada qadınların jurnalistikada öndəri olmuş Helen Tomas keçən həftə şənbə günü 92 yaşında dünyasını dəyişmişdir.
Bütün həftə sonu Amerikanın ən tanınmış media işçiləri, xüsusilə də qadın jurnalistlər Helen Tomas haqda xatirələri ilə bölüşüb, ABŞ-ın ən nüfuzlu mətbuat orqanları onun haqda yazılar dərc edib.
Helen Tomas prezident Con Kennedidən başlayaraq, prezident Barak Obamaya kimi 50 ilə yaxın 10 prezidentin hakimiyyəti dövründə Ağ Evdə müxbir olub.
Ağ Evdə yarım əsrə yaxın fəaliyyət göstərmiş Helen Tomas müəyyən mənada hökumət və mətbuat arasında münasibətlərin bir simvoluna çevrilmişdir.
Prezident Obama: “Helen Tomas dərindən inanırdı ki, demokratiya ölkə liderlərini məsul tutmaq üçün onlara çətin suallar verilən zaman işləyir.”
ABŞ prezidenti Barak Obama Helen Tomasın vəfatı ilə bağlı bəyanatında onun jurnalistikada qadınların bir neçə nəsli üçün qapıları açıb məhdudiyyətləri aradan qaldıran pioner olduğunu deyib.
Helen Tomas prezident Con Kennedidən başlayaraq, prezident Barak Obamaya kimi 50 ilə yaxın 10 prezidentin hakimiyyəti dövründə Ağ Evdə müxbir olmuşdur. O, jurnalist fəaliyyətinə kişilərin bu sahədə dominant olduğu dövrdə başlamışdı.
1961-ci ildə prezident Con Kennedinin administrasiyası dövrü müxbir kimi karyeraya başlayanda, Helen Tomas Ağ Evdə mətbuat korpusunda işləyən ilk qadın olmuşdu. 1962-ci ilə qədər Ağ Evin müxbirlər assosiasiyasının üzvü olmalarına baxmayaraq, qadın jurnalistlər prezidentin mətbuatla qatıldığı ziyafətə buraxılmırdı. Bu ənənə də Helen Tomasın müdaxiləsindən sonra pozulmuşdu, sonradan isə o, Ağ Evin Jurnalistlər Assosiasiyasının ilk qadın prezidenti olmuşdu.
Hər gün mətbuat üçün brifinqdə dövlət başçısına çətin suallar verən Helen Tomas “Xəbərlərin birinci xanımı” kimi tanınırdı. ABŞ prezidentləri onun çətin suallarına cavab verməyə alışmaqla yanaşı, ona hörmət və hətta rəğbətlə yanaşmağa başlamışdı.
Hər gün mətbuat üçün brifinqdə dövlət başçısına çətin suallar verən Helen Tomas “Xəbərlərin birinci xanımı” kimi tanınırdı.
Vyetnam müharibəsi dövrü prezident Niksondan müharibəyə son qoymaq üçün gizli bir planı olub-olmadığını soruşan Helen Tomas soruşmuşdu. 1983-cü ildə isə prezident Reyqanın mətbuat konfransı zamanı Helen Tomas ona ABŞ-ın Qrenadaya müdaxilə üçün hansı hüququ olduğu haqda sual vermişdi.
2006-cı ildə isə Helen Tomas İraq müharibəsilə bağlı sualı prezident Corc Buşa ünvanlayaraq, “cənab prezident, İraqda nə üçün müharibəyə başlamağınızın səbəbini izah edə bilərsinizmi?” deyə soruşmuşdu.
Prezidentlərə ciddi suallar verməyi özünün jurnalist borcu olduğunu hesab edən Helen Tomas “nə qədər ağır olsa da, həqiqəti axtarıb, hamı üçün ədalət istədiyini” demişdi.
Karyerasını İsraillə bağlı açıqlamalarına görə son qoymalı olmuş jurnalist heç vaxt bu prinsiplərindən geri çəkilməmişdi.
Prezident Obama Helen Tomasın ölümülə bağlı bəyanatında bildirib ki, o təkcə iş stajına görə Ağ Evdə mətbuat korpusunun rəhbəri olmamışdı. "Helen Tomas dərindən inanırdı ki, demokratiya ölkə liderlərini məsul tutmaq üçün onlara çətin suallar verilən zaman işləyir”-deyə ABŞ prezidenti bildirib.
Ağ Evin brifinqləri hər gün Helen Tomasın “Təşəkkür edirik, cənab prezident” sözləri ilə bitirdi. Hər gün Ağ Evin mətbuat otağında birinci sıradan verdiyi sualları ilə Helen Tomas həm də Amerika prezidentlərinin xalq qarşısında məsuliyyətini xatırlatmaq missiyasını yerinə yetirirdi. Müsahibələrinin birində o demişdi: “Mən prezident ofisinə hörmət edirəm, amma mən heç vaxt hökumət qulluqçularının məbədinə sitayiş etməmişəm. Onlar bizə həqiqəti söyləməyə borcludur.”