ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycanda hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların ölümü ilə bağlı başsağlığı verib.
Bu barədə səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.
“Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk” - deyə, paylaşımda qeyd olunub.
Xatırlatma
Noyabrın 30-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda (Bakıdan 70 kilometr şimal) təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, “Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopter qəza enişi edib.
Baş Prokurorluq bildirir ki, hadisə nəticəsində 14 nəfər həlak olub 2 nəfər xəsarət alıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Yerli medianın məlumatına görə, həlak olanların əksəriyyəti yüksək rütbəli zabitlərdir.
Prezident İlham Əliyev hərbi helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması ilə bağlı başsağlığı verib.
“Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk,” prezidentin başsağlığında deyilir.