Accessibility links

Helsinki Komissiyasının dinləməsində ATƏT regionunda media azadlıqlarına təhlükələr müzakirə olundu


Senator Bencamin Kardin (Merilənd, Demokrat)
Senator Bencamin Kardin (Merilənd, Demokrat)

Freedom House nümayəndəsi Səm Patten Emin Milli və Adnan Hacızadənin internetdə Azərbaycan hökumətini tənqid edən material yerləşdirdiyinə görə fiziki hücuma məruz qalaraq ondan sonra həbs edildiklərini söylədi

İyunun 9-da Kapitolidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) üzrə ABŞ Helsinki Komissiyası “ATƏT Regionunda Azad Mediaya Təhlükələr” başlıqlı dinləmə keçirdi. ABŞ Senatoru Bencamin Kardin (Demokrat) və Floridalı Konqresmen Elsi Heystinqs (Demokrat) dinləmələrə həmsədrlik edirdilər. Dəvət olunan qonaqlar ATƏT-in mətbuat azadlığı üzrə yenicə təyin edilmiş nümayəndəsi Dunya Miyatoviç, Freedom House təşkilatının Avrasiya proqramının direktoru Səm Patten və Jurnalistləri Müdafiə Komitəsinin (JMK) Avropa və Orta Asiya üzrə təmsilçisi Müzəffər Süleymanov idi.

Dinləmələrin başlıca mövzusu ATƏT regionunda jurnalistlər və müstəqil medianın üzləşdikləri ağır sınaqlar idi. Giriş nitqində senator Bencamin Kardin başlıca narahatlıq mənbələri kimi jurnalistlərə qarşı fiziki təhlükələr, zorakılıqlar və araşdırıcı jurnalistlərin qətllərini xüsusi qeyd etdi. O, habelə Rusiya və bir sıra sabiq Sovet respublikalarının timsalında kriminal defamasiya qanunları və İnternet kimi yeni media texnologiyalarına tətbiq edilən məhdudiyyətlərə toxundu.

Dinləmədə birinci ifadə verən Dunya Miyatoviç ATƏT-in media azadlıqlar üzrə nümayəndəsi kimi vəzifədə olduğu üç ay müddətində ATƏT məkanında media azadlıqlarının geriləməkdə davam etdiyini bildirdi. O, ATƏT-in əsasən sabiq sovet məkanına məxsus ölkələrində mediaya qarşı basqıların artdığını söylədi və dinləmə təşkilatçılarını pisləşən vəziyyətə diqqətlərini artırmağa səslədi. Jurnalistlərin ən çox Rusiyada qətlə yetitirldiyini önə çəkən Miyatoviç Azərbaycanda Monitor jurnalının redaktoru Elmar Hüseynovun öldürülməsini də qeyd etdi. O, bildirdi ki, jurnalist qətllərinin üstünün açılmaması Azərbaycan kimi ölkələrdə jurnalistlər üçün qorxu mühiti yaradıb və onları sərbəst fəaliyyətdən çəkindirir. Daha sonra o, saxta ittihamlar əsasında jurnalistlərin həbsə salınmasına diqqət çəkdi. Buna misal olaraq Miyatoviç Realnıy AzerbaydjanGündəlik Azərbaycan qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayevin terrorizm və başqa qondarma ittihamlar əsasında uzun müddət həbsə məhkum olunduğunu söylədi. “Avropa İnsan haqları Məhkəməsi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasının 1 və 2 saylı abzaslarını, o cümlədən 10 və 6 saylı maddələrini pozduğunu müəyyən edib. Burada yeganə mümkün nəticə var: Fətullayev dərhal azadlığa buraxılmalıdır!” deyə ATƏT təmsilçisi bildirdi. Miyatoviç həmçinin internet blogerləri Emin Milli və Adnan Hacızadənin 2009-cu ilin iyulunda uzun müddətli həbs cəzalarına məhkum edilmələrini önə çəkdi.

Azərbaycana diqqət Freedom House-un nümayəndəsi Səm Pattenin təqdimatında da geniş yer aldı. Rusiyada pisləşən media ab-havasının təsirinin Azərbaycan kimi qonşu dövlətlərə də yayılmasını qeyd edən Səm Patten Emin Milli və Adnan Hacızadənin internetdə Azərbaycan hökumətini tənqid edən material yerləşdirdiyinə görə fiziki hücuma məruz qalaraq ondan sonra həbs edildiyini söylədi. Azərbaycan rəhbərliyinin məntiqə zidd olaraq xəsarət almış blogerləri xuliqanlıq üstündə ittiham edərək həbsə məhkum etməsini pisləyən Patten hazırda blogerlərin ölkənin ən ağır şəraitli həbsxanasında cəza çəkdiklərini bildirdi. “İnternetdə fikirlərini ifadə edən başqa Azərilərə bu, dəhşətli bir mesaj göndərdi, və Azərbaycan hökuməti Avropa Şurasının Emin Milli və Adnan Hacızadə ilə bağlı çağırışlarına məhəl qoymur,” deyə o, söylədi. Freedom House-un nümayəndəsi Azərbaycana yeni ABŞ səfiri təyin olunması ərəfəsində bu ölkədə söz azadlığının pisləşən vəziyyətini hökumət qarşısında qaldırmağın vacibliyindən danışdı.

Daha sonra dinləmədə Rusiya və Azərbaycan kimi ölkələrdə Amerikanın SəsiAzadlıq radiostansiyalarının proqramlarının efirdən kənarlaşdırılması, o cümlədən internetə artan qadağalar müzakirə edildi. Tədbir iştirakçılarının fikrincə bu kimi addımlar atmaqla avtoritar rejimlər xalqın müstəqil informasiyaya çıxışını tam məhdudlaşdırmağa çalışır. O da xüsusi vurğulandı ki, ATƏT regionundakı avtoritar rejimlər müstəqil media təssisatlarına qarşı hücumlarını koordinasiyalı şəkildə aparırlar ki, bu, vəziyyətin region boyu oxşar istiqamətlərdə pisləşməsində özünü büruzə verir. Dinləmədə iştirak edən ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə yardımçısı Maykl Pozner deyilənlərə diqqətlə qulaq asıldığını və Barak Obama administrasiyasının xarici hökumətlərlə təmaslarında verilən tövsiyələri nəzərə alacağını bildirdi.

XS
SM
MD
LG