Accessibility links

Tehran həbsxanasında saxlanılan türk fəalın səhhəti ağırdır


Tehranın Evin həbsxanasında saxlanılan türk dil haqları fəalı Həmid Mənafi Nadarlının sağlıq durumunun ağır olduğu bildirilir. HRA agentliyinin məlumatına görə, böyrək çatışmazlığından əziyyət çəkən məhbusa lazımi tibbi yardım göstərilmir.

“Mənafi şiddətli böyrək ağrısı səbəbilə bir neçə gün əvvəl həbsxananın klinikasına aparılıb. Lakin lazımi tibbi yardım göstərilməyib və xəstənaya göndərilmədən saxlanıldığı bölməyə qaytarılıb,” HRA-nın xəbərində dərc edilib.

Həmid Mənafi keçən iyul ayının 21-də Əlirza Fərşi və Behnam Şeyxi ilə bərabər Tehranda nəzarət altına alındıqdan bəri Evin həbsxanasında saxlanılır.

Bu günə qədər fəalların hansı səbəblərə görə tutulduğu barədə məlumat yayılmayıb, lakin hər üç fəal dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilib.

Tehran Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi və Əkbər Azadın kassasiya şikayətinə baxmışdı. Keçən yanvar ayında məhkəmə tərəfindən fəalların hər birinə qarşı 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzası çıxarıldı.

Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Həmid Mənafi 2015-ci ilin aprel ayında Amerikanın Səsinə müsahibədə nəzarət altına alındıqları zaman, habelə daha sonra təhlükəsizlik qurumunda saxlanıldıqları günlərdə işgəncə və pis rəftara məruz qaldıqlarını bildirmişdi.

XS
SM
MD
LG