ABŞ-ın şimal-şərq bölgələrinə güclü yağışlarla yaxınlaşan və bazar ertəsi daşqınlara səbəb ola biləcək tropik Henri qasırğasına hazırlıqlar görülür.
Keçən gecə güclü yağışlar Nyu York, Nyu Cersi və Pensilvaniya ştatlarına yağıb.
Milli Qasırğa Mərkəzi hazırda tropik çökəkliyə düşən fırtına mərkəzinin bazar ertəsi gün ərzində qısa bir məsafəylə şərqə yönəlməsini və nəticədə çərşənbə axşamı səhər saatlarına qədər Atlantik Okeanı üzərindən geri çəkilməsini gözləyir.
Sinoptiklərin bildirdiyinə görə, bölgənin böyük hissəsində ümumi yağıntının miqdarı 7 ilə 15 santimetr arasında, bəzi yerlərdə isə daha yüksək olacaq.
Qasırğa bazar günü Rod-Aylend ştatına çatıb və ştatın özündə, Konnektikut, Massaçusets və Nyu Yorkda 130 mindən çox evin elektrik enerjisini kəsib.
Prezident Co Bayden bazar günü Rod Aylend, Konnektikut və Nyu York ştatlarında tətbiq edilən fövqəladə vəziyyəti təsdiqlədiyini və Federal Fövqəladə Hallar Agentliyinin regionda ehtiyacı olanları generatorlar, ərzaq və su kimi təcili yardım resursları ilə təmin edəcəyini bildirib.
Tennessi ştatının mərkəzində isə yağışın rekord həddə çatması bazar günü azı 22 nəfərin ölümünə səbəb olub. Xilasetmə dəstələri dağılmış evlər və zibilliklər arasından itkin düşənləri axtarıb.
Şənbə günü kənd yerlərində baş verən daşqınlar yolları və telefon xətlərini sıradan çıxarıb. Hamfris Mahalı Məktəblərinin Sağlamlıq və Təhlükəsizlik məsələlərinə nəzarət üzrə koordinatoru Kristi Brounun dediyinə görə, təcili yardım işçiləri qapı-qapı gəzərək evlərdə qalanları axtarıb.
Hamfris Mahalı polis rəisi Kris Deyvis itkin düşənlərin çoxunun suyun ən sürətlə artdığı məhəllələrdə yaşadığını deyib. Ölənlər arasında atalarının qucağındaykən selə düşən əkiz körpələr də var.
Təxminən 18 min əhalisi və Naşvilldən 96 kilometr qərbdə yerləşən mahalın polis rəisi ən yaxın dostlarından birini itirdiyini deyib.
Yağışlar başlamazdan əvvəl sinoptiklər bölgəyə 10-15 santimetr yağıntının daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Naşvill Meteorologiya Mərkəzindən Krissi Horli Tennessi ştatının mərkəzi bölgəsində ən ağır fırtınanın qeydə alındığını və yağıntı miqdarının 23 santimetr olduğunu bildirib.