Dekabrın 16-da Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.
Sənəd Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Bakıda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə keçirilən görüşü çərçivəsində imzalanıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində həyata keçirilən proqramlar, treninqlər vasitəsilə, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xatırladıb.
“2017-ci ildə də ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır”, o qeyd edib.
Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən danışan Həsənov bunun təkcə iki ölkələnin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
Müdafiə naziri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıdıqlarına görə gürcü xalqına minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Mətbuat xidməti bildirir ki, Azərbaycanın müdafiə naziri görüşdə Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb.
İlk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirən L.İzoria bunun əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu deyib.
L.İzoria bildirib ki, gələn ildən Gürcüstan da Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərdə iştirak etməyə hazırdır.
Görüşdə Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsinin imkanları, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.