Accessibility links

Gəncədə QHT rəhbəri həbs edilib


Həsən Hüseynli
Həsən Hüseynli

Həsən Hüseynli xuliqanlıqda günahlandırılır. O həbsinin sifarişli olduğunu güman edir

Gəncə şəhərindəki (Bakıdan 364 kilometr qərb) “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli Gəncə şəhərinin Nizami rayon polisi tərəfindən saxlanılıb.

H.Hüseynli Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ilə təqsirli bilinir. Bu ittiham 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

H.Hüseynlinin hüquqlarını tanınmış vəkil Xalid Bağırov müdafiə edir. O, artıq Gəncəyə gedib.

H.Hüseynli saxlanarkən “Azadlıq” radiosuna bəzi məlumatlar verə bilib. Onun sözlərinə görə, martın 31-də Mərkəzi Poçtun yaxınlığında bir naməlum şəxs ona yaxınlaşaraq “sən niyə mənim ayağımı tapdaladın” deyib. Həmçinin ağır sözlər söyləyib. Sonra Hüseynlinin sinəsindən tutub aşağı çəkib. Maşının o biri tərəfindən də bir qadın yaxınlaşaraq Hüseynliyə qışqırıb ki, “siz niyə onu dartırsınız?”
“Mən başa düşdüm ki, bu, mənə qarşı təxribatdır, heç bir söz demədən oranı tərk etdim”, H.Hüseynli qeyd edib.

Yerli media Gəncədəki mənbələrə istinadən yazır ki, son vaxtlar mərkəzin fəaliyyəti şəhər İcra Hakimiyyətinin başçısına xoş gəlmirmiş. Belə ki, iclasların birində o, gənclərin bu mərkəzin layihələrində iştirakından narazılığını bildirib.
Bundan bir müddət sonra hakimiyyət mərkəzin A.İsgəndərov küçəsi, 7 ünvanda yerləşdiyi şəxsi evi söküb. Bundan sonra “Kamil Vətəndaş” QHT yeni ünvana köçüb, lakin burada da onun işə başlamasına imkan verilməyib.

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi 2004-cü ildə təsis edilib. 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib. Buna qədər isə Gəncə Təşəbbüs Mərkəzi Açıq Cəmiyyət kimi fəaliyyət göstərib.

Təşkilatın məqsədi Azərbaycanın qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və ölkədə vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir. Bu məqsədlə təşkilat regionda vətəndaş cəmiyyəti quruculuğu, region QHT-lərinin inkişafı (QHT Resurs Mərkəzi), gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir. Bundan başqa təşkilatın nəzdində Gəncə Təhsil Məlumat Mərkəzinin (GTMM) fəaliyyəti hesabına gənclərin xaricdə təhsil alması üçün müntəzəm məlumat sessiyaları, fərdi və qrup məsləhət saatları keçirilir.
XS
SM
MD
LG