Azərbaycan prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı "işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini" qınamağa çağırıb.
“Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür,” o, qeyd edib.
Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub.
“Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınmışdır.”
Prezidentin köməkçisi bildirib ki, Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib.
Hacıyev Ermənistan rəhbərliyini COVID-19 pandemiyası dönəmində yaranmış sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdində ittiham edib.
Ermənistan tərəfi hələ bu bəyanata münasibət bildirməyib.
Azərbaycan Müdafiə Nazirliyi iyulun 12-də Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) Ermənistan Silahl Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücum etdiyini bildirirb.
Müdafiə Nazirliyi bildirib ki, görülən tədbirlər nəticəsində qarşı tərəfə zərbə endirilib.
“O, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.”
Rəsmi Yerevan toqquşmalara görə Azərbaycan tərəfini günahlandırır.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib ki, Azərbaycan əsgərləri UAZ markalı maşınla sərhədi keçməyə cəhd göstərdikdən sonra ermənilər xəbərdarlıq atəşi açaraq həmin əsgərləri maşını tərk etməyə məcbur ediblər.
Stepanyan bir saat sonra Azərbaycan qoşunlarının ikinci dəfə sərhədi keçməyə cəhd etdiklərini bildirib. Bu dəfə onların artilleriya atəşindən istifadə etdikləri deyilir.
Stepanyan baş verən toqquşmada erməni tərəfdən heç bir itki olmadığını bildirib.