Accessibility links

Hikmət Hacıyev Vaşinqtonda Azərbaycanın xarici siyasətini müzakirə edib


“Azərbaycanın xarici siyasətini dörd “M”-lə xarakterizə edərdim. Bunlar multi-vektoralizm, multi-lateralizm, multi-regionalizm, və multi-kulturalizmdir,” deyə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev Atlantik Şurasında təşkil olunan tədbirdə bəyan edib. Ölkəsinin xarici siyasət prioritetlərini Vaşinqtonda keçirilən tədbir iştirakçıları ilə paylaşan Hacıyev Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlərdən və üzləşdiyi sınaqlardan danışıb.

“Bugünkü Azərbaycan ayaq üstədir, effektiv regional əməkdaşlıq siyasəti yürüdür, ölkələrlə ikitərəfli və çoxtərəfli müstəvilərdə münasibətlər qurur, və təhlükəsizliyin istehlakçısı olmaq əvəzində, təhlükəsizliyə töhfə verir,” deyə Hacıyev Azərbaycan-ABŞ əməkdaşlığının da məhz ölkənin hazırkı statusuna əsaslandığını vurğulayıb.

Müstəqil xarici siyasət, şəffaf xarici siyasət və gözlənilən xarici siyasət - bunlar Azərbaycan xarici siyasətinin özəyini təşkil edir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın moderatorluğu ilə təşkil olunan söhbətdə Hikmət Hacıyev Azərbaycanın hazırkı xarici siyasət təşəbbüsləri, Qafqaz regionundakı qonşuları və Qərb strateji tərəfdaşları ilə əlaqələrini müzakirə edib.

Azərbaycanın beynəlxalq hüquqlara inandığını deyən Hikmət Hacıyev ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətə malik olduğunu əlavə edib. O bildirib ki, terrorizmlə mübarizədə və təhlükəsizlik sahəsində əməkdaşlıqda Azərbaycan ABŞ-ın yaxın və güvənli tərəfdaşıdır. ​Hacıyev habelə iştirakçıların nəzərinə Azərbaycan ərazisinin işğal olunduğunu çatdırıb və ölkədə bir milyona yaxın qaçqının və məcburi köçkünün mövcudluğundan danışıb.

Azərbaycanın mürəkkəb qonşuluqda yerləşdiyini vurğulayan səfir Morninqstar Hacıyevdən Azərbaycanın "balanslaşdırılmış siyasəti"-nə aydınlıq gətirməyi xahiş edib. Haciyev Azərbaycanın öz xarici siyasətini milli maraqlara uyğun qurduğunu və eyni zamanda müstəqil şəkildə siyasət apardığını diqqətə çatdırıb. O, Azərbaycanın tarixən böyük imperiyaların kəsişdiyi məkan olmasından danışıb və tarixi dərslərdən örnək götürürək, müasir Azərbaycanın qonşularla konstruktiv və qarşılıqlı faydalı münasibətlər qurmağa can atdığını deyib. “Müstəqil xarici siyasət, şəffaf xarici siyasət və gözlənilən xarici siyasət” - deyə, Hacıyev Azərbaycanın xarici siyasət fəlsəfəsini təsvir edib.

Biz seçim qarşısındayıq: əbədi müharibə, yoxsa əbədi sülh.

Hacıyev Azərbaycan-Ermənistan əlaqələrinin qurulmamasına əsas maneə olaraq Azərbaycan ərazilərinin işğal altında olmasını göstərib. “Ən yaxşı firavanlıq paylaşılan firavanlıqdır”- deyə, Hacıyev hökumətinin Dağlıq Qarabağ probleminin həllinə və davamlı sülhün potensial dividendlərinə baxışını izah edib. “Dağlıq Qarabağdakı erməni icmasının orada yaşamaq hüququ varmı? Əlbəttə ki, var. Amma burada Azərbaycan icması da var. Erməni icmasının hüquqlarının eksklüsiv müdafiəsi naminə Azərbaycan icmasının hüquqlarını pozmaq olmaz” - deyə, Hacıyev hər iki icmanın Dağlıq Qarabağda dinc yanaşı yaşamaq hüququna malik olduğunu deyib, eyni zamanda hazırda Dağlıq Qarabağ ətrafındakı ərazilərdən azərbaycanlı icmasının didərgin düşdüyünü vurğulayıb.

Hacıyev problemin həllinin mərhələli şəkildə həll olunmasına tərəfdar olduğunu, ilk növbədə torpaqların işğaldan azad olunmasının, demilitarizasiyanın baş verməsinin və qaçqınların öz yurdlarına qayıtmasının vacibliyini önə çəkib. “Biz seçim qarşısındayıq: əbədi müharibə, yoxsa əbədi sülh,” Hacıyev fikrini tamamlayıb.

Hazırda Corc Meyson Universitetində mühazirəçi olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç diqqəti Azərbaycandakı insan haqları və söz azadlığı problemlərinə çəkərək, ifadə azadlığının məhdudlaşdırıldığı halda cəmiyyətləri sülhə hazırlamağın necə mümkün olması barədə soruşub. Hacıyev səfir Kazlariçin sualına cavab olaraq Azərbaycanda sosial mediaya və internetə çıxışın azad olduğunu bildirib. O, auditoriya iştirakçılarını Azərbaycanın bugünkü sosial mediasını monitorinq etməyə və oradakı müzakirələrə, tənqidlərə nəzər salmağa çağırıb. Azərbaycan rəsmisi cəmiyyətdə şəffaflığa doğru irəliləyişdən, xüsusilə də dövlət xidmətlərində təkmilləşmələrdən danışıb, bəzi məqamlarda ölkəsinə qarşı stereotip, qeyri-obyektiv və ədalətsiz mövqelərin sərgilənməsindən gileylənib.

Səfir Robert Bradtke sülh prosesinin sonunda ermənilərin öz gələcəyini, öz müqəddaratlarını həll etmək imkanlarının olub-olmayacağı ilə maraqlanıb. Hacıyev cavabında Qarabağda erməni icması ilə yanaşı azərbaycanlı icmanın da vaxtikən yaşadığını və bir icmanın hüquqlarını əsas gətirib digər icmanın hüquqlarını gözardı etməyin insan hüquqlarına zidd olduğunu qeyd edib. O, diqqətin qaçqınların öz yurdlarına dönməsi kimi asan həll oluna biləsi problemlərə yönəltməklə, strateji dialoqa təkan verilməsinin, eyni zamanda problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

Hikmət Hacıyev Atlantik Şurasında çıxış edir
Hikmət Hacıyev Atlantik Şurasında çıxış edir

Ermənistanın ABŞ-dakı missiya rəhbərinin müavini Ara Marqaryan Hikmət Hacıyevə sualında Azərbaycan rəsmisinin danışıqların üç başlıca prinsipə - ərazi bütövlüyü, zorakılıqdan istifadə edilməməsi və öz müqəddəratını müəyyən etmək - əsaslandığını bildirməsini, lakin sonuncu iki prinsipə diqqət yetirməməsini deyib. Erməni diplomatın hazırkı şəraitdə tərəflərin necə ümumi anlaşmaya gələ bilinəcəyi barədə sualına cavabda Hacıyev 1975-ci il Helsinki yekun aktına diqqət çəkib. Hacıyev hazırda ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinin məhz bu akta əsaslandğını qeyd edərək, xalqların öz müqəddəratını həll etmə hüququna hörmətlə yanaşdığını, amma eyni zamanda bu hüququn ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirib. O həmçinin Helsinki yekun aktında bir ölkənin zor gücünə digər ölkənin ərazisini işğalının yolverilməz olduğunun təsbit edildiyini önə çəkib. Yerevandan, Gümrüdən gələn əsgərlərin, Azərbaycanın suveren ərazisində hərbi xidmət keçdiyini deyən Hacıyev Ermənistanın bu praktikasının beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

Tədbirdən sonra Amerikanın Səsinə danışan Hikmət Hacıyev ABŞ-Azərbaycan münasibətlərin hazırkı durumunu şərh edib:

“Azərbaycanla Amerika arasında strateji tərəfdaşlıq münasibətləri vardır. Müstəqilliyimizin ilk illərindən bu əlaqələr qurulmuşdur. Hal-hazırda isə ABŞ-la Azərbaycan arasındakı əlaqələrdə birinci strateji səviyyədə dialoqu biz qeyd edə bilərik. Xüsusilə dövlət başçıları səviyyəsində olan davamlı məktub mübadilələrini və ABŞ prezidenti Donald Tramp tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə 28 may Respublika günü münasibətilə, neft-qaz sərgisi ilə əlaqədar ünvanlanan məktublar - bunlar hamısı ABŞ-la Azərbaycan arasında strateji dialoqun və strateji münasibətlərin nəticəsidir.

Əməkdaşlığımızın indiki mərhələsində isə biz ABŞ-dan olan tərəfmüqabillərimizlə birlikdə iqtisadi- ticarət əlaqələrinin və humanitar əlaqələrinin daha da inkişafının tərəfdarıyıq.

İkincisi isə, ABŞ-la Azərbaycan münasibətlərində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı biz qeyd etməliyik. 2001-ci ildə 11 sentyabr hadisələrindən etibarən Azərbaycan Amerika Birləşmiş Ştatları ilə terrorizmə qarşı mübarizədə sıx tərəfdaşdır. Həmçinin beynəlxaq sülh və təhlükəsizlik məsələlərində iki ölkə yaxından əməkdaşlıq edir. Biz həmçinin ABŞ-ın Azərbaycanın müstəqilliyinin ilk illəri verdiyi dəstəyi yüksək qiymətləndiririk. Enerji sahəsində də ABŞ Azərbaycan sıx əməkdaşlıq edir. Əməkdaşlığımızın indiki mərhələsində isə biz ABŞ-dan olan tərəfmüqabillərimizlə birlikdə iqtisadi- ticarət əlaqələrinin və humanitar əlaqələrinin daha da inkişafının tərəfdarıyıq. Ölkələrimiz arasındakı hazırkı ticarət dövriyyəsi, iqtisadi münasibətlər iki ölkənin potensialını əks etdirmir. Hal-hazırda biz çalışırıq ki, ABŞ-ın mərkəzi regionları ilə bərabər digər ştatları ilə də əlaqələr qurulsun və regionlararası əməkdaşlıq təşviq edilsin. Həmçinin Amerika Birləşmş Ştatlarının da böyük şirkətləri də Azərbaycanda fəaliyyət göstərir, amma eyni zamanda Amerikanın xırda və orta ölçülü şirkətləri də böyük potensiala malikdir ki, bu sahədə də biz əməkdaşlıq üçün böyük perspektivlər və imkanlar görürük.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG