Accessibility links

Keçmiş “vicdan məhbusu”na xəbərdarlıq edilib


Hilal Məmmədov (Foto Ülvi Həsənlinindir)
Hilal Məmmədov (Foto Ülvi Həsənlinindir)

“Tolışi sado” qəzetinin baş redaktoru, keçmiş “vicdan məhbusu” Hilal Məmmədov sentyabrın 19-da Bakının Nizami rayon Polis İdarəsinə çağırılıb. Ona müxalifətin mitinqində iştirakla bağlı irad bildirilib və müxalifətlə əlaqələrini kəsmək tələb olunub. H.Məmmədov bunun cavabında bildirib ki, o özünün azadlıq hüququndan istifadə edir və onu məhdudlaşdırmaq fikrində deyil.

H.Məmmədov Amerikanın Səsinə bildirib ki, ötən gün sahə müvəkkili onu Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin rəis müavini Elnur Əliyevin yanına söhbətə çağırıb.

Onlar birlikdə bölməyə gediblər. Bir saatdan sonra E.Əliyev H.Məmmədovu qəbul edib. Onların arasında 2-3 dəqiqəlik qısa söhbət olub. Söhbət zamanı zabit H.Məmmədovun bundan öncə nədən ötrü mühakimə olunduğu ilə maraqlanıb.

İki saatdan sonra H.Məmmədovu yenidən E.Əliyevin yanına çağırıblar. Kabinetdə Etibar adlı əməliyyatçı da olub.

H.Məmmədova müxalifətin mitinqlərində iştirakla bağlı irad bildirilib. Bir əməkdaş isə H.Məmmədovu təhqir etməyə başlayıb.

H.Məmmədova deyiblər ki, polis “qul bazarı”nı bağlayıb ki, müxalifət mitinqlərdə iştirak etmək üçün oradan 5-10 manatın, hətta qəpik-quruşun müqabilində adam toplamasın.

Buna cavab olaraq H.Məmmədov deyib ki, belə vəziyyət bir daha göstərir ki, əgər adamlar qəpik-quruşa görə mitinqə çıxırlarsa deməli ölkədə ciddi problemlər var. Ümumiyyətlə, işsizlər də öz hüquqlarının müdafiəsinə qalxmalıdır.

Sonra H.Məmmədovu Nizami rayon Polis İdarəsi rəisinin müavininin yanına aparıblar.

O, H.Məmmədova deyib ki, bir ziyalı kimi ona “dövlət əleyhinə” mitinqlərdə iştirak etmək yaraşmır. Ondan təkidlə tələb ediblər ki, müxalifətdən uzaq dursun.

H.Məmmədov deyib ki, əvvəla, müxalifətin mitinqləri razılaşdırılıb, ikincisi, o, azad insan kimi öz hərəkətlərini heç kimlə razılaşdırmaq və öz hüquqlarını məhdudlaşdırmaq niyyətində deyil.

Sonda H.Məmmədova deyiblər ki, onu yenidən çağıra bilərlər.

H.Məmmədov bildirib ki, həbsdən buraxıldıqdan sonra vaxtaşırı ona təzyiqlər olur, polis və xüsusi xidmət orqanları onun yaşayışı, kimlərlə ünsiyyətdə olması, evinə kimin gəlib-getməsi ilə maraqlanır.

H.Məmmədov 2012-ci ilin iyununda populyar “Tı, kto takoy, davay do svidaniya” meyxanası YouTube səhifəsində yerləşdirildikdən bir neçə gün sonra həbs edilib. H.Məmmədov öz şərhində yazıb ki, o, bir klip ilə Azərbaycana daha çox şöhrət qazandırıb, nəinki “Eurovision” müsabiqəsinə böyük pullar xərcləyən hakimiyyət.

H.Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddə alveri, dövlətə xəyanət, millətlərarası ədavətin qızışdırılması ittihamları ilə 5 il azadlıqdan məhrum edilib.

“Amnesty İnternational” H.Məmmədovu “vicdan məhbusu” elan edib.

2016-cı ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi H.Məmmədovun 3-cü maddə ilə (işgəncələrin qadağan edilməsi) zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb.

Bu ilin martında H.Məmmədov dövlət başçısı tərəfindən əfv edilib.

XS
SM
MD
LG