Accessibility links

Hillari Klintonun Qafqaza səfəri ABŞ mətbuatında


Washington Post qəzeti səfər zamanı demokratiya məsələsi ilə bağlı Amerikalı diplomatın müəyyən çətinliklərlə üzləşdiyini yazır

ABŞ dövlət katibi Hillari Klinton bazar günü Ermənistan və Azərbaycanın liderləri ilə görüşərək onları Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərə çağırıb. Xanım Klintonun Bakıya səfərində prezident İlham Əliyev sülhün əldə olunması üçün erməni qüvvələrinin işğal edilmiş torpaqlardan çəkilməsinin mühümlüyünü vurğuladı. O, Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulayaraq BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti və bir sıra beynəlxalq qurumların situasiya ilə bağlı müvafiq qətnamə qəbul etdiklərini önə çəkdi.

Bir neçə saat sonra dövlət katibi Yerevanda Ermənistan prezidenti Serj Sarkisyalan görüşdü. Həmin görüşdə cənab Sarkisyan lider Dağlıq Qarabağ ermənilərinin öz tarixi torpaqlarına azad inkişaf və imkanlara malik olmaq hüququnun olduğunu söylədi.

Ermənistan prezidenti ilə görüşün ardınca mətbuat konfransı keçirən Hillari Klinton son günlərdə atəşkəsin pozulmasından narahatlığını dilə gətirib. O, tərəfləri zorakılığa əl atmamağa və sülh prosesinə sadiq qalmağa səsləyib.

Washington Post qəzeti Klintonun səfəri zamanı demokratiya məsələsi ilə bağlı Amerikalı diplomatın müəyyən çətinliklərlə üzləşdiyini qeyd edir. Qəzetdə yazılır ki, Hillari Klinton Azərbaycana səfəri zamanı Azərbaycanla münasibətləri yaxşılaşdırmağı da qarşıya məqsəd kimi qoymuşdu. Həmin ölkənin avtoritar liderləri uzun müddət Obama administrasiyasının onlara məhəl qoymamasında şikayət ediblər. Belə ki, ABŞ-ın Azərbaycandakı səfir postu artıq bir ilə yaxındır ki, boş qalıb və ötən aprel ayında Azərbaycan lideri Vaşinqtonda düzənlənən nüvə sammitinə dəvət edilməmişdi.

Müdafiə naziri Robet Getysin səfərindən bir ay sonra Bakıya gələn Hillari Klintonu İlham Əliyev dəbdəbəli prezident iqamətgahında qarşıladı. Xanım Klinton Azərbaycanla münasibətləri möhkəməndirməyə sadiq olduğunu bildirməklə yanaşı rəsmi Bakının Əfqanıstan və İraqdakı səylərə töhfələrini vurğuladı.

Mətbuat konfransı zamanı Azərbaycanda xeyli irəliləyişlərin olduğunu deyən Hillari Klinton azərbaycanlı jurnalistin sualı ilə üzləşdi: “Siz deyirisiniz ki, irəliləyiş olub. Bu irəliyləyiş necə olub, onu izah edə bilərsinizmi?” deyə jurnalist vəziyyətin ildən ilə pisləşdiyini vurğuladı.

İnsan haqları qrupları deyir ki, neftdən varlanan Azərbaycan liderləri tədricən demokratiyanı boğurlar. Buna misal olaraq Washington Post Freedom House-un son hesabatından sitat gətirərək 2009-cu ildə Azərbaycanda avtoritarizmin bir qədər də gücləndiyini önə çəkir.

1993-cü ildən bəri Azərbaycan Əliyev ailəsinin üzvləri tərəfindən idarə olunur. Bakıya təzəcə gəlmiş Hillari Klinton üçün onların Azərbaycandakı təsirini gözdən qaçırmaq asan deyildi. Onun təyyarəsi Heydər Əliyev adına aeroporta endi, maşın karvanı Heydər Əliyev prospekti ilə şütüyərək Heydər Əliyev Mədəniyyət Mərkəzinin yanından keçdi.

Belə görünür ki, xanım Klinton İlham Əliyevlə danışıqlarında təzyiqdən daha çox inandırma yolunu seçmişdi. Görüş zamanı o, media tənqidlərinə məruz qaldığını və demkokratiyanın yaratdığı çətinliklərdən söz açdı, və eyni zamanda əlavə etdi ki, demokratik proses onu daha yaxşı siyasətçiyə çevirib.

İyulun 6-da Vaşintonda ABŞ Dövlət Departamentinin gündəlik mətbuat konfransında jurnalist xarici radiostansiyarla bağlı məsələnin Azərbaycan hökuməti qarşısında qaldırılıb-qaldırılmaması barədə sual verdi. Suala cavab olaraq departamentin sözçüsü Mark Toner ABŞ hökumətinin bu məsələni daim diqqətdə saxladığını bildirdi.

XS
SM
MD
LG