Güclü yağışlarla müşayiət edilən və küləyin sürəti saatda 205 kilometrə çatan beşinci kateqoriyaya aid Fani qasırğası Hindistanın şərq sahillərinə çatıb.
Qasırğa cümə günü səhəri Odişa sahillərinə vurub. Bir milyondan çox insan hökümətin xəbərdarlıqlarından sonra evakuasiya olunub. Rəsmilərin sözlərinə görə, onlar daha bir neçə min əhalini təxliyə etməyi planlaşdırır.
Odişa ştatının mərkəzində küləyin ağacları, elektrik dirəklərini yerindən qopardığı xəbər verilir. Aeroport, məktəblər və kolleclər bağlanıb.
Qonşu Qərbi Benqal ştatı da aeroportunu bağlayıb.
Hindistanda qasırğa mövsümü apreldən dekabra qədər çəkə bilər. Bu dövrdə tufan sahil şəhərlərində güclü dağıntılar törədir, məhsula, əmlaka ziyan dəyir. Qonşu Banqladeş də bu təbii fəlakətdən ziyan görür.
İndi texnoloji nailiyyətlər meteoroloqlara havanı proqnozlaşdırmağa və hakimiyyətə tədbir görməyə imkan verir.
1999-cu ildə Odişada güclü qasırğa 30 saat ərzində 10 min nəfərin həyatına son qoymuşdu. 2013-cü ildə isə bir milyonadək adam evakuasiya olunub və minlərlə adamın həyatı xilas edilib.