Accessibility links

BMT Hindistan və Çini təmkin göstərməyə çağırır


BMT bazar ertəsi Himalay sərhəddində hər iki tərəfdən olan əsgərlər arasında şiddətli qarşıdurmadan sonra Çin və Hindistanı "maksimum təmkinli olmağa" çağırıb.

Bu, son 45 ildə nüvə silahına malik olan iki qonşu ölkə arasında baş verən ən ağır toqquşma olub.

"Hindistan və Çin arasındakı nəzarət xəttində baş verən zorakılıq və ölüm xəbərləri bizi narahat edir. İki ölkənin gərginliyin azaldılmasına çalışdığı haqda məlumatları nəzərə alırıq" deyib, BMT-nin sözçüsü Eri Kaneko.

Birləşmiş Ştatlar Dövlət Departamentinin nümayəndəsi ABŞ-ın vəziyyəti yaxından izlədiyini və məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Rəsminin dediyinə görə, prezident Donald Tramp və Hindistanın baş naziri Narendra Modi arasında iki həftə əvvəl keçirilən telefon danışığı zamanı sərhəddəki vəziyyətə də toxunulub.

Hindistan bazar ertəsi 20 əsgərinin öldürüldüyünü və 17 nəfərin yaralandığını, əsgərlərinin bir neçəsinin əsir götürüldüyü bildiriib.

Çin itki barədə heç bir məlumat verməyib və hindliləri Çin ərazisinə keçərək, döyüşə təhrik etməkdə günahlandırıb.

"Biz Hindistan tərəfin ön xəttdəki qoşunlarını ciddi şəkildə nəzarətdə saxlamasını, bütün pozuntular və təxribatçı hərəkətləri dərhal dayandırmasını tələb edir və fikir ayrılıqlarını aradan qaldırmaq üçün Çinlə dialoq və danışıqlar yoluna qayıtmaöa çağırırıq", Çin hərbi qüvvələrinin nümayəndəsi Çan Şuili deyib.

Hindistan rəsmiləri Çinin döyüşə Hindistan əsgərlərinin başladığı haqda iddialarının "tamamilə yalan" olduğunu və Çin hərbi qüvvələrinin sərhədin Hindistan tərəfində müvəqqəti keçid məntəqəsi qurduğunu və araşdırma üçün gələn hind əsgərlərinə hücum etdiklərini bildirib.

XS
SM
MD
LG