Hindistanda ikinci gündür COVID-19-dan ölənlərin sayı 4000-i keçir. Ölkənin iki ştatında peyvənd tətbiqi dayandırılıb.
Hindistanın Səhiyyə Nazirliyi 4120 ölümlə yanaşı, əvvəlki 24 saat ərzində 362 727 yeni təsdiqlənmiş yoluxma hallarının qeydə alındığını bildirib.
Dünyada əhalisinin ən çox olduğu ikinci ölkəsdə yoluxmaların artması xəstəxanaların dolmasına, kəskin oksigen çatışmazlığına və ölülərin yandırılması üçün çox sayda müvəqqəti krematoriyaların qurulmasına səbəb olub. Mütəxəssislər ölüm və yoluxma hallarının həqiqi sayının rəsmi rəqəmlərdən daha çox olduğuna inanır.
Bu həftə Qanq çayında 100-dən çox cəsəd tapıldıqdan sonra narahatlıqlar daha da artıb. Çayda üzən cəsədlərin görüntüləri qəzəbə və onların COVID-19-dan öldükləri fərziyyələrinə səbəb olub. Səlahiyyətli orqanlar cəsədlərin ölüm səbəbini hələ müəyyənləşdirməyib, lakin bəzi səhiyyə ekspertləri koronavirusun çirklənmiş su ilə yayıla biləcəyindən narahatlıqlarını dilə gətirib.
Dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutunun Hindistanda yerləşməsinə baxmayaraq, peyvənd çatışmazlığı və onların istehsalı üçün lazım olan xammal çatışmazlığı bu Cənubi Asiya ölkəsindəki böhranı daha da dərinləşdirir. 1,3 milyard əhalisi olan Hindistanda indiyə qədər peyvənd 3 faizdən az insana tətbiq edilib.
Bu vəziyyətdən dolayı Maharaştra və Karnataka ştatlarında ikinci dozanı gözləyən yaşlılara üstünlük vermək üçün 18-44 yaşlar arasındakı insanlara peyvəndin tətbiqi dayandırılıb.
Yaxşı bir xəbər isə ondan ibarətdir ki, Dehli bölgəsində COVID-19-a yeni yoluxma nisbəti aşağı düşüb. Baş nazir müavini Maniş Sisodia cümə axşamı jurnalistlərə açıqlamasında Dehlidə son 15 gündə yoluxma hallarının 35% -dən 14% -ə düşdüyünü deyib.