Accessibility links

Hindistanda son 24 saat ərzində COVID-dən 3700-dən çox ölüm halı qeydə alınıb


Hindistanda son 24 saat ərzində koronavirusdan 3700-dən çox ölüm halının qeydə alındığı bildirilib. Beləliklə, ölkədə COVID səbəbindən qeydə alınan ümumi ölüm hallarının sayı 300 000-nə yaxınlaşır.

Bazar günü ölkədə 240 mindən çox yeni yoluxma halının qeydə alındığı bildirilsə də, çoxları testlərin məhdud olması səbəbindən bu rəqəmin daha yüksək olduğuna inanır.

Hindistan hökumətinin şənbə günü bildirdiyinə görə, COVID-19-a yoluxmalar əhalinin sıx yaşadığı ucqar bölgələrdə hələ də yüksək səviyyədə olsa da, ölkənin bəzi bölgələrində yoluxma nisbəti sabitləşib.

Koronavirusun Hindistanda aşkar edilən yeni bir variantı dünyada həyəcan yaratsa da, şənbə günü yeni bir araşdırmanın nəticələri Pfizer və AstraZeneca peyvəndlərinin iki dozadan sonra həmin varianta qarşı da təsirli olduğunu göstərib.

İngiltərə İctimai Sağlamlıq idarəsi tərəfindən aparılan araşdırma Pfizer peyvəndinin Hindistan variantı olan B.1.617.2-yə qarşı 88%, hazırda Kent variantı olaraq bilinən B.1.1.7-ə qarşı 93% təsirli olduğunu aşkar edib.

AstraZeneca peyvəndi Hindistan variantına qarşı 60%, Britaniya variantına qarşı isə 66% təsirlidir.

Hər iki vəziyyətdə effektivlik ikinci peyvənd vurulandan iki həftə sonra və yalnız simptomlar olan xəstəliyə qarşı ölçülüb. Hər iki peyvəndin bir dozadan sonra məhdud təsiri olub.

Britaniyada Kent variantı dominantlıq etsə də, səhiyyə rəsmiləri Hindistan variantının onu qabaqlamasından qorxur.

XS
SM
MD
LG