Rəsmilərin bildirdiyinə görə, cümə axşamı güclü siklon bölgəni vurduğu zaman göyərtəsində 261 nəfər olan bir barjanın Mumbay yaxınlığında batması nəticəsində itkin düşən 26 nəfərdən 12-nin cəsədi aşkar edilib.
Hərbi Dəniz Donanmasının sözçüsü Mehul Karnik sağ qalan 186 nəfərdən sonuncusunun çərşənbə günü xilas edildiyini, ondan sonra axtarışda iştirak edən beş hərbi gəminin, bir müşahidə təyyarəsi və üç vertolyotun xilasetmə işləri zamanı yalnız suyun üzündəki cəsədləri aşkar etdiyini bildirib.
Axtarışlar bazar ertəsi başlayandan bəri ümumilikdə 49 cəsəd tapılıb. Sağ qalanlar və cəsədlərin çoxunun Mumbaya gətirildiyi deyilir.
Xilas olan İndracit Sinq Hindustan Times qəzetinə böyük barjada olan hər kəsin fırtına zamanı təhlükəni hiss edərək, göyərtəyə qaçdığını, su barjaya dolan zaman onun batmağa başladığını deyib. "Həyatımı qurtarmaq üçün dənizə atılmaqdan başqa bir seçimim yox idi" - deyə, o bildirib.
Onun sözlərinə görə, sağ qalanlar xilasetmə gödəkçələrində olduqları üçün xilas edilənə qədər 8 saat suda qalıb.
Tauktae siklonu saatda 210 km sürətlə əsən küləklərlə Qucarat və Maharaştra ştatlarında 50-dən çox insanın ölümünə səbəb olub.
Ölkənin Baş naziri Narendra Modi çərşənbə günü hava şəraitinin vurduğu zərərə görə hökumətin yardım edəcəyini vəd edib.
Rəsmilər Qucarat ştatında 16 mindən çox evə zərər dəydiyini, minlərlə ağacın və elektrik dirəklərinin kökündən qopduğunu bildirib.
Digər bir xəbərdə isə deyilir ki, Mumbayın şimalına doğru üzən başqa bir barjanın 35 nəfərdən ibarət heyət üzvü hərbi vertolyotlar tərəfindən xilas edilib.