Hindistanda COVID-19-a yoluxma halları ilk dəfə olaraq 400,000-i keçib. Hindistanın Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, son 24 saat ərzində koronavirusa 401,993 yoluxma halı qeydə alınıb. İctimai sağlamlıq rəsmiləri real göstəricilərin bundan beş dəfə daha çox olduğuna inanır.
“Virus bizə göstərdi ki, əgər onu özbaşına buraxsaq, partlayış baş verə bilər,” ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti Antoni Fauçi Indıan Express qəzetinə müsahibədə bildirib. “Əgər siz onun ciddi ziyan vurmaq imkanlarına məhəl qoymasanız, başınız bəlaya girəcək," o əlavə edib.
Fauçi Hindistanın qapanmasını tövsiyə edib. “Sözün əsl mənasında ölkəni qapadın ki, yoluxmalar azalsın. Heç kəs ölkəni bağlamaq istəməz. Amma əgər bunu bir neçə həftəlik etsəniz, yoluxma dinamikasına böyük təsir göstərə bilərsiniz,” o deyib.
Şənbə günü Hindistanın qərbində bir xəstəxananın COVID-19 bölməsində yanğın nəticəsində on səkkiz nəfər həyatını itirib.
Rəsmilər deyir ki, Qucarat ştatında “Welfare” Hospitalının birinci mərtəbəsindən 30 xəstə xilas edilib.
Rəsmilər yanğının səbəbinin məlum olmadığını deyib. Hindistanın baş naziri Narendra Modi Twitter-də “yanğın səbəbilə baş verən itkilər məni kədərləndirir. Yaxınlarını itirənlərə başsağlığı çatdırıram” yazıb.
Hindistan şənbə günü ölkədə 18 yaşdan yuxarı hər kəsin peyvənd ola biləcəyini elan edib. Lakin bir çox vaksiyasiya mərkəzləri əllərində peyvəndin olmadığını bildirir.
İndiyə qədər Hindistanın 1.3 milyardlıq əhalisinin yalnız 2 faizinə vaksin vurulub.
Eyni zamanda isə Ağ Evin məlumatına görə, ABŞ-da artıq 100 milyon amerikalı COVID-19-a qarşı tam vaksinasiya olunub.
Ağ Evin COVID-19-la mübarizə komandasının koordinatoru Ceff Zients cümə axşamı bunu “böyük irəliləyiş” adlandırıb.
Hazırda ABŞ-da 16 yaşından yuxarı hər kəs peyvənd oluna bilər. Prezident Co Bayden may ayının sonunadək ABŞ-da yetkinlik yaşına çatmış hər kəsə yetəcək qədər vaksinin olacağına söz verib.
Cümə günü Hindistana ABŞ və başqa ölkələrdən yardım çatdırılıb. ABŞ-ın yardımına oksigen, sürətli koronavirus testləri və vaksinin istehsalı üçün lazım olan ləvazimatlar daxildir.
Hindistanda koronavirusun ikinci dalğası ölkədə səhiyyə sisteminin çökməsinə səbəb olub. Hospitalların dolması və kəskin oksigen çatışmazalığı onsuz da çıxılmaz olan vəziyyəti daha da pisləşdirib. Bir çox parklar və avtomobil dayanacaqları bütün günü işləyən krematoriyalara çevrilib.