Əfqanıstan rəsmiləri cümə günü Hindistandan olan beynəlxalq mükafat almış bir jurnalistin qarışıq vəziyyətdə olan Cənubi Qəndəhar vilayətində gecə yarısı keçirilən döyüşlər zamanı öldürüldüyünü deyib.
Reuters agentliyinin fotomüxbiri və Pulitzer mükafatı laureatı Daniş Seddiqi həftənin əvvəlində qiyamçıların əlinə keçən Spin Boldak bölgəsində Talibanla Əfqanıstanın hökumət qüvvələri arasında yaşanan qarşıdurmaları işıqlandırırdı.
"Dünən gecə Qəndəharda dostumuz Daniş Seddiqinin öldürülməsi ilə bağlı kədərli xəbərdən çox məyus oldum" - deyə, Kabilin Yeni Delhidəki səfiri Fərid Mamundzay tvit paylaşıb.
“Hindistanlı jurnalist və Pulitzer mükafatı laureatı Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə çalışırdı. Mən onunla onun Kabilə dönüşündən 2 həftə əvvəl görüşmüşdüm. Ailəsinə və Reuters-ə başsağlığı diləyirəm” – deyə, Mamundzay əlavə edib
Seddiqi son olaraq Qəndəhardan iyulun 13-də əfqan qüvvələrinin Spin Boldakı geri almağa cəhd göstərmək üçün əks hücuma başladığı zaman tvit yazmışdı.
Öldürülən fotomüxbir Hindistanın Mumbay şəhərindən idi və Rohinca qaçqın böhranı ilə əlaqədar çəkdiyi fotorəsmlərə görə 2018-ci ildə Pulitzer mükafatını qazanmışdı.
"Bölgədəki rəsmilərlə işləyərək təcili olaraq daha çox məlumat axtarışındayıq" – deyə, Reuters agentliyinin prezidenti Maykl Fridenberq və baş redaktor Alessandra Qalloninin bəyanatında bildirilir.
"Daniş görkəmli bir jurnalist, sadiq həyat yoldaşı və ata və çox sevilən bir həmkar idi. Bu dəhşətli zamanda ailəsinin yanındayıq".
Seddiqi Reuters agentliyinə cümə günü toqquşma barədə məlumat verərkən qəlpə ilə qolundan yaralandığını demişdi. O, Taliban döyüşçüləri Spin Boldakdakı döyüşlərdən geri çəkiləndən sonra müalicə edilmişdi və artıq sağalırdı.