Avqustun 20-də Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi işləri avqustun 21-də davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatda yayıb.
Məlumata görə, əraziyə nazirliyin Aviasiya dəstəsinin amfibiya təyyarəsi cəlb olunub.
Nazirlik bildirib ki, yanğının söndürülməsi məqsədilə onun Aviasiya dəstəsinin iki helikopteri də avqustun 20-dən ərazidə fəaliyyətdədir.
Avqustun 19-da Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
"Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində, əsasən, əl əməyindən istifadə olunur", mətbuat katibi bildirib.
Hirkan Milli Parkı Lənkəran və Astara rayonları ərazisində yerləşir. 40 358 hektar sahəni əhatə edir. Burada fıstıq, şabalıdyarpaq palıd, vələs, dəmirağac və bir çox ağac növləri mövcuddur. Parkda bəbir, ayı, çöl donuzu, cüyür kimi heyvanların olduğu bildirilir.