Hollandiya rəsmiləri əl bombaları, avtomatik silahlar və partlayıcı kəmərlərlə böyük hücum planlaşdıran yeddi nəfər şübhəlini cümə axşamı həyata keçirdiyi əməliyyat nəticəsində həbs etməyə müvəffəq olub.
Şübhəlilərdən üçü xarici hərbi dəstəyə qoşulmaq cəhdi səbəbindən daha əvvəl də nəzarətə alınmışdı. Onların arasında 34 yaşlı iraqlı 2017-ci ildə İŞİD-ə qoşulmaq üçün xarici ölkəyə səyahət etdiyi üçün saxlanılmışdı.
21-34 yaş aralıqlarında olan şübhəlilər təxminən altı ay davam edən araşdırmalardan sonra Hollandiyanın dörd müxtəlif bölgəsində saxlanılıb.
''Şübhəlilərin üzərində AK-47 avtomatları, əl tapançaları, əl bombaları və partlayıcı gödəkçələr aşkar edilib'' - deyə, prokurorların yaydığı bəyanatda qeyd edilib. Şübhəlilərin cümə günü hakim qarşısına çıxarılacağı gözlənilir.
Polisin verdiyi məlumata görə, qrup Hollandiyada keçiriləcək tədbiri hədəf alıbmış. Hücumun böyük tələfatla nəticələnə biləcəyi deyilir.