Accessibility links

“Omikron variantının sürətlə yayılmasına səbəb onun tənəffüs yollarına daha tez keçməsidir"


Honq-Konq alimlərinin dediyinə görə, koronavirusun omikron variantının dünya boyu sürətlə yayılmasına səbəb onun tənəffüs yollarına daha tez keçməsidir.

Honq Konq Universitetinin tədqiqatçılar qrupunun ilkin hesabatında deyilir ki, toxuma nümunələri üzərində aparılan laboratoriya təcrübələri omikronun nəfəs borusundan ağciyərə gedən əsas boruda - bronxda - deltadan təxminən 70 dəfə sürətlə böyüyür.

Tədqiqat zamanı həmçinin o da müəyyən edilib ki, omikron ağciyər toxumalarında orijinal versiyaya nisbətən 10 dəfə yavaş böyüyür və bu da xəstəliyin daha yüngül keçməsinə səbəb olur.

Aparıcı tədqiqatçı Maykl Çan Çi-Vay xəstəliyin şiddətinin təkcə virusun nə qədər tez təkrarlanması ilə deyil, həm də hər bir insanın həyati təhlükəsi olan xəstəliyə çevrilə bilən infeksiyaya qarşı immun reaksiyası ilə müəyyən edilə biləcəyi barədə xəbərdarlıq edir.

Doktor Çan onu da əlavə edir ki, “virusun özü daha az xəstəliyə səbəb olsa da, yoluxuculuğu yüksək olan virus daha çox insanı yoluxdurmaqla, daha ağır xəstəliyə və hətta ölümə səbəb ola bilər”.

Omikron ilk dəfə noyabr ayında Cənubi Afrikada təsbit edildikdən bəri indi artıq təxminən 80 ölkədə aşkar edilib. İndoneziya və Yeni Zelandiya virusun ilk təsdiqlənmiş halının qeydə alındığı son ölkələrdir.

XS
SM
MD
LG