Honq Konq polisi bazar günü hökumətə qarşı etiraz aksiyalarını dağıtmaq üçün ilk dəfə olaraq gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
Minlərlə nümayişçi şəhərin küçələrinə çıxıb.
Son iki həftə ərzində davam edən etirazlar şənbə günü əllərində beysbol bitası və bambuk ağacları olan qara geyimli nümayişçilərin polisə benzin bombası və kərpic atmağa başlaması ilə ilk dəfə olaraq zorakı xarakter alıb.
Polis qüvvələri polis məntəqəsinin və qonşu ticarət mərkəzinin qarşısında barrikadalar quran nümayişçiləri dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
Bu arada, Çin hökuməti Britaniya konsulluğunun əməkdaşı Saymon Çeni azad edib. Onun həbsi gərginliyin daha da artmasına gətirib çıxarmışdı. Çen Honq Konqdan sərhədin o biri tərəfində olan Şenjendə 15 sutkalıq həbs edilmişdi. Polis onun ictimai asayişi pozduğuna görə saxlanıldığını iddia edib.
Nümayişçilər bir neçə gündür onun azad olunmasını tələb edirdi. Britaniya hökuməti Saymon Çenin azadlığa buraxılmasını alqışlayıb.
Honq Konqda nümayişlər şübhəli şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinə ekstradisiya edilməsinə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz olaraq başlayıb. Lakin bundan sonra etirazlar demokratik islahatlar naminə hərəkata çevrilib.