Accessibility links

Honq Konq seçkilərə hazırlaşır


Bir həftədən çoxdur mühasirədə olan Honq Konq universiteti şənbə günü artıq boşalıb. Şəhərin diqqəti yerli seçkilərə yönəldiyi bir vaxt, orada yalnız bir neçə gizlənən etirazçı qalıb.

Mühasirənin sonuna doğru Kovlun adasında yerləşən Politexnik Universitetindəki etirazçılar kampusu tərk etməyin yollarını axtarır, digərləri isə təslim olmayacaqlarını vəd edirdi. Bu, iyun ayında hökümət əleyhinə etirazlar başlayandan bəri yaşanan ən pis zorakılıqlardan bir neçə gün sonraya təsadüf edib.

Honq Konqda etirazlar
Honq Konqda etirazlar

"Əgər onlar hücum etsə, bizim gizlənməyimiz üçün çox yer var” – deyə, 21 yaşlı tələbə Sem bildirib.

Bir digər etirazçı Rod sonuna qədər universitetdə qalacağına söz verib. “Bizim mesajımız açıqdır: biz heç vaxt təslim olmayacağıq”, o deyib.

Çox sayda həbs

Çinin idarə etdiyi bu şəhərdə blokada zamanı minə yaxın insan həbs olunub. Onların təxminən 300-ün yaşı 18-dən aşağıdır.

Polis kampusun ətrafına plastik barrikadalar və çəpərlər yerləşdirib. Gündüz saatlarında zabitlər vətəndaşlara barrikadalara tərəf yaxınlaşmağa icazə verib, ətrafdakı mağazalar işlərini bərpa edib.

Kampus boyu yerlərə zibillər və istifadə olunmamış molotov kokteylləri dağılıb. Kampusun girişində yerə Pepe adlı yumşaq oyuncaq qurbağa atılıb. Bu oyuncaq etirazçıların hərəkatlarının simvoluna çevrilib.

Bazar günü seçki

Rekord 1104 nəfər bazar günü keçirilən seçkidə rayon şurasındakı 451 yer uğrunda mübarizə aparmağa hazırlaşır.

7.4 milyon əhalisi olan Honq Konqda rekord sayda 4.1 milyon insan seçkidə iştirak etmək üçün qeydiyyatdan keçib. Buna həm də aylardır davam edən etirazlar boyu aparılan qeydiyyat kampaniyaları səbəb olub.

Gənc demokratiya tərəfdarları bir zamanlar Pekin tərəfdarı olan namizədlərin tutduğu yerlərə namizədliklərini irəli sürüb.

Etirazların şiddəti iyun ayından bəri artıb. Nümayişçilər Çinin sabiq Britaniya müstəmləkəsi 1997-ci ildə Çinə təhvil verilərkən Honq Konqa vəd olunan azadlıqlara müdaxilə etməsinə etiraz edir.

Pekin Honq Konq idarə olunduğu “bir ölkə, iki sistem” sistemini davam etdirmək niyyətində olduğunu söyləyir. Çin Asiyanın maliyyə mərkəzi hesab olunan Honq Konqun işlərinə müdaxilə etdiyini inkar edir və xarici hökümətləri oradakı vəziyyəti qarışdırmaqda ittiham edir.

Donald Tramp və Şi Tsinpin
Donald Tramp və Şi Tsinpin

Tramp Şi ilə danışdığını deyir

ABŞ prezidenti Donald Tramp cümə günü Fox News kanalına müsahibəsində bildirib ki, o, Çin prezidenti Şi Tsinpinə etirazları boğmasının iki ölkə arasında 16 aydır davam edən ticarət müharibəsinə son qoymaq səylərinə “böyük mənfi təsir” göstərəcəyini söyləyib.

“Mən olmasam, Honq Konq 14 dəqiqədə məhv olardı” Tramp heç bir sübut irəli sürmədən bildirib.

“Onun Honq Konqdan kənarda olan amma şəhərə daxil olmayan milyonlarla əsgəri var və buna səbəb mənim ona ‘xahiş edirəm bunu etmə, yoxsa böyük səhv etmiş olarsan. Bunun ticarət razılığına mənfi təsiri olacaq’ deməyim olub, çünki o ticarət razılığının əldə olunmasını istəyir”, Tramp bildirib.

XS
SM
MD
LG