Accessibility links

Honq Konqda etirazçılarla polis arasında qarşıdurmadan sonra sakitlikdir


Səs-küyə səbəb olmuş ekstradisiya qanun layihəsinə etiraz edən nümayişçilərlə polis arasında qarşıdurmadan sonra cümə axşamı Honq Konqda sakitlik bərpa olunub. Bu qanun layihəsi Honq Konqda cinayətdə şübhəli bilinən şəxslərin Çində məhkəmə qarşısına çıxarılmasına imkan yaradacaq.

Yağışlı hava və mümkün yorğunluğun cümə axşamı nümayişlərin bərpasına mane olduğu görünür. Lakin buna baxmayaraq, etirazçılar ikinci gün üçün məqsədlərinə nail olduqlarını bildirirlər.

“Qanunverici Şuranın bu günə təyin edilmiş toplantısı təxirə salınıb. Məncə, biz də müəyyən müddətə meydanı tərk edə bilərik. Dünən yaşadıqlarımızdan sonra hər kəs yorğundur. Meydana qayıtmaq çətindir. Biz ilk növbədə istirahət edəcəyik. Şuranın toplantısı sabah və gələcək günlərdə davam edəcək. Ümid edirəm ki, kifayət qədər enerji bərpa edə biləcəm və toplantını diqqətlə izləyəcəm, görüm ki, gələn həftə etiraz etməyə ehtiyac olacaqmı?” - Çan adlı 30 yaşlı etirazçı bildirib.

Çərşənbə günü ekstradisiya ilə bağlı qanun layihəsinin müzakirə edilməli olduğu zaman minlərlə nümayişçi hökumət qərargahının və Qanunverici Şuranın binasını bağlayıb.

Polis əməkdaşları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən və istiot spreyindən istifadə edib. Nümayişçilərin bəziləri isə polisə müxtəlif əşyalar atıb. Xəstəxana rəsmiləri ən azı 72 nəfərin xəsarət aldığını bildirir.

Qanunverici Şuradan cümə axşamı verilən məlumata görə, qanun layihəsinin müzakirəsi üçün hələlik gün təyin edilməyib.

Honq Konq qanunvericiliyində təklif edilmiş qanun layihəsi Birləşmiş Ştatlar da daxil olmaqla, beynəlxalq tənqidlərə səbəb olub. Çin isə çərşənbə axşamı öz növbəsində ABŞ-ı ölkənin daxili işlərinə müdaxilədə ittiham edib.

XS
SM
MD
LG