Accessibility links

Riçard Hoqland: Dağlıq Qarabağda sülh altı elementə əsaslana bilər


ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland təqaüdə çıxır. Bu barədə səfir Hoqland Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada bildirib.

Sualları cavablandırmazdan öncə mətbuat qarşısında çıxış edən səfir Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın “mürəkkəb tarixini” nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.

Sadaladığı altı elementdə səfir Hoqland danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb.

Səfir Riçard Hoqland Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb.

Birinci olaraq, o, hesab etdiyini bildirib ki, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünü-idaərçiliyi təminat altına alsın.

İkinci element olaraq səfir Hoqland bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. Onun sözlərinə görə, Azərbaycan dövlətinin süverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.

Bundan əlavə, Riçard Hoqland qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.

Sazişdə həmçinin bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin edilməlidir.

Səfir Riçard Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil.

Jurnalistlərin suallarını cavablandıran səfir Hoqland məlumat verib ki, onu ATƏT Minsk Qrupunun həmsədri vəzifəsində Endryu Şofer əvəzləyəcək. Şofer Birləşmiş Ştatları Vyanada Beynəlxalq Təşkilatlara Missiyada təmsil edib.

XS
SM
MD
LG