Accessibility links

Husi üsyançıları neft tankerinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb


Husi tərəfdarları əllərində Fələstin bayrağı tutaraq ,Qəzza zolağındakı fələstinlilərlə həmrəylik və husilərin Qırmızı dəniz və Ədən körfəzindəki gəmilərə hücumlarına dəstək nümayiş etdiriblər. Səna, Yəmən. 9 yanvar, 2024.
Husi tərəfdarları əllərində Fələstin bayrağı tutaraq ,Qəzza zolağındakı fələstinlilərlə həmrəylik və husilərin Qırmızı dəniz və Ədən körfəzindəki gəmilərə hücumlarına dəstək nümayiş etdiriblər. Səna, Yəmən. 9 yanvar, 2024.

Şənbə günü Yəməndə İranın dəstəklədiyi husi üsyançıları cümə günü Qırmızı dənizdə neft tankerinə edilən hücumun məsuliyyətini üzərinə götürüb.

Husilərin hərbi sözçüsü Yəhya Sari şənbə günü bəyanatında bildirib ki, Yəmənin hərbi dəniz qüvvələri Britaniyanın neft tankeri, Pollux-a raket atıb. O bu zərbələrin “dəqiq və birbaşa” olduğunu deyib.

ABŞ-ın Mərkəzi Komandanlığı cümə günü bildirib ki, Panama bayrağı altında Hindistana doğru hərəkət edən və xam neft daşıyan M/T Pollux gəmisinə ən azı üç raket atılıb. Ziyanın miqyası hələ ki, bəlli deyil, ancaq M/T Pollux öz gücü ilə cənuba səfərini davam etdirir.

CENTCOM bildirib ki, gəmi Danimarkaya məxsusdur və Panamada qeydiyyata alınıb.

ABŞ-ın iki hücumu

CENTCOM cümə günü axşam saatlarında Yəməndə bir mobil gəmi əleyhinə qanadlı raketə və bir mobil pilotsuz suüstü gəmiyə uğurla iki zərbə endirib.

CENTCOM Yəmənin husilərin nəzarətində olan ərazilərində mobil raket və yerüstü gəmini müəyyən edib və onların bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və ticarət gəmiləri üçün qaçılmaz təhlükə yaratdığını müəyyən edib.

ABŞ İranı husilərə yardım etməkdə ittiham edir

ABŞ Dövlət Departamentinin sözçsü İranı husilərə regionda sabitliyi pozmağa yardım etməkdə ittiham edib.

“İran Qırmızı dənizdə ticarət gəmilərinə qarşı əməliyyatların planlaşdırılmasında dərindən iştirak edib. Bu, İranın uzunmüddətli maddi dəstəyi və husilərin regionda sabitliyi pozan hərəkətlərini təşviq etməsi ilə uyğundur,” sözçü cümə günü bildirib.

ABŞ husilərə qarşı sanksiyaları bərpa edir

Birləşmiş Ştatlar Qırmızı dəniz və Ədən körfəzində dəniz təhlükəsizliyinə təhlükə yaradan davamlı hücumlarından sonra cümə günü husi üsyançılarına qarşı sanksiyaları bərpa edib.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton İranın dəstəklədiyi üsyançılara “hücumlarını azaltmaq” və “bütün sənaye boyu riski minimuma endirmək” üçün 30 gün verəndən sonra yanvarın 17-də husiləri yenidən Xüsusi Təyin Edilmiş Qlobal Terrorçu kimi müəyyən etmək niyyətini elan edib.

Husi liderləri bəyan edib ki, İsrail, qrupun dediyinə görə, fələstinlilərə qarşı cinayətlərini davam etdirdiyi müddətcə, onlar fələstinlilərlə həmrəy olaraq hücumlarını davam etdirəcək.

Husilər ilk dəfə üç il öncə terror qrupu olaraq təyin edilib və ardınca humanitar narahatlıqlar səbəbilə siyahıdan çıxarılıb. Yenidən terror qruplaşması kimi təyin edilməsi ABŞ və digər ölkələrin husilərdən ticarət gəmilərinə atəşi dayandırmasına dair davamlı tələblərindən sonraya təsadüf edib.

Həmin tələblərə məhəl qoyulmayıb və hücumlar da, ABŞ və Britaniyanın hücumlarda istifadə olunan radar sistemləri və raket buraxılış obyektlərini sıradan çıxarmaq məqsədi ilə endirdiyi bir sıra hava zərbələrinə rəğmən, davam edib.

ABŞ rəsmiləri deyir ki, onlar bu təyinatın Yəmən xalqına təsirini azaltmaq üçün birgə səylər göstəriblər.

Sabiq ABŞ Prezidenti Donald Trampın administrasiyanın son günlərində, 2021-ci ilin yanvarında husilər həm Xüsusi Təyin Edilmiş Qlobal Terrorçu, həm də xarici terror təşkilatı kimi təyin edilib.

ABŞ Dövlət katibi Antoni Blinken 2021-ci ilin fevralında husiləri xarici terror təşkilatı və Xüsusi Təyin Edilmiş Qlobal Terrorçu siyahılarından çıxarıb. Bu addım Bayden administrasiyası Yəmənin liman şəhəri Ədəndə qərargahlanan beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti ilə paytaxtları Səna olan husilər arasında uzun-müddətdir davam edən vətəndaş müharibəsinə diplomatik həll yolu tapmaq istədiyi üçün atılıb.

Bundan əlavə onların siyahıdan çıxarılması Yəmən xalqına ərzaq və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq məqsədi daşıyırdı.

Bu iki təyinatın fərqli cəzaları var. Xüsusi Təyin Edilmiş Qlobal Terrorçu təyinatı ABŞ Maliyə Departamentinə terrorçuların Birləşmiş Ştatlar daxilində və beynəlxalq maliyyə sistemində vəsaitlərə çıxışının qarşısını almaq imkanı verir.

Digər tərəfdən Dövlət Departamenti tərəfindən xarici terror təşkilatı təyinatı qrupa “maddi dəstək” verməyi, o cümlədən qrup üçün döyüşmək, onu maliyyə yardımı və ya təlimlərlə təmin etməyi qadağan edir.

​Xarici terror təşkilatlarının ABŞ vətəndaşı olmayan üzvlərinin adətən Birləşmiş Ştatlara daxil olmaları qadağan olunur. Husilər hələ ki, xarici terror təşkilatı kimi təyin edilməyib.

ABŞ-ın müdafiə rəsmiləri deyib ki, husilər noyabrın ortalarından bəri ticarət və donanma gəmilərinə onlarla hücum həyata keçiriblər ki, onların 50-dən çox ölkənin vətəndaşı, yükü və gəmilərinə təsiri olub.

Forum

XS
SM
MD
LG