Accessibility links

Husilərin ticarət gəmisinə hücumu nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb


ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilib ki, çərşənbə axşamı Yəməndə husilərin nəzarətində olan ərazidən atılan gəmi əleyhinə ballistik raket Ədən körfəzində ticarət gəmisinin üç ekipaj üzvünü öldürüb.

Bu, noyabrın ortalarında beynəlxalq gəmiçilik zolağına hücum başlayandan bəri İranın dəstəklədiyi husi militantlarının ilk ölümlə nəticələnən zərbəsidir. CENTCOM-un verdiyi məlumata görə, bu, husilər tərəfindən son iki gündə atılan beşinci raketdir.

Müdafiə rəsmiləri Amerikanın Səsinə husilərin raketi Barbados bayraqlı Liberiyaya məxsus "True Confidens" yük gəmisinə dəyib və yanğına səbəb olub.

CENTCOM-un məlumatına görə, hücum nəticəsində 4 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. Müdafiə rəsmiləri hücumun 23 nəfərlik çoxmillətli ekipajın gəmini tərk etməyə məcbur etdiyini bildirib.

Filippin cümə axşamı hücumda ölənlərdən ikisinin və yaralananlardan ikisinin filippinli ekipaj üzvləri olduqlarını bəyan edib.

ABŞ rəsmisi raket kreyseri olan "USS Philippine Sea"-nin xilasetmə işlərinə yardım etməyə çalışdığını, yardım üçün ilk olaraq hadisə yerinə Hindistan gəmisinin gəldiyini bildirib.

Noyabrın ortalarından bəri ondan çox ticarət gəmisi husilərin dronları və ya raketlərinin hücumuna məruz qalıb. Bu gəmilərə Yəmənə taxıl daşıyan bir yardım gəmisi, İrana gedən azı bir yük gəmisi də daxildir. Gübrə daşıyan "MV Rubymar" gəmisi keçən ay husilərin hücumunda zədələndikdən sonra keçən həftə sonu batıb.

ABŞ və Britaniya da daxil olmaqla, təxminən 20 ölkədən ibarət koalisiya yanvarın ortalarından bəri bölgəni husilərin hücumlarından qorumağa çalışır.

ABŞ və Britaniya hərbçiləri husilərə qarşı birgə əməliyyatlara başlayıb və husilərin raketlərini və pilotsuz təyyarələrini, həmçinin atmağa hazırlanmış silahlarını məhv etmək üçün demək olar ki, hər gün zərbələr endirir.

ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarına nəzarət edən Mərkəzi Komandanlığının məlumatına görə, çərşənbə axşamı husilər pilotsuz təyyarələrini və bir gəmi əleyhinə ballistik raketini vuran ABŞ-ın "USS Carney” hərbi gəmisini hədəf alıb.

Komandanlıq əlavə edib ki, ABŞ həmçinin üç gəmi əleyhinə raketi və üç intiharçı dron gəmisini məhv edib.

Forum

XS
SM
MD
LG