Accessibility links

Husilərin lideri qrupun Qırmızı dənizdə hücumlarını artıracağını, "sualtı silahlar"dan istifadə edəcəyini bildirib


Yəmənin İranın dəstəklədiyi husi üsyançıları cümə axşamı Britaniyaya məxsus yük gəmisinə hücuma və ABŞ esminesinə dron zərbəsinə görə məsuliyyəti öz üzərinə götürüb. Husilər eləcə də İsrailin liman və kurort şəhəri Eylatı ballistik raketlər və pilotsuz təyyarələrlə hədəfə alıb.

Husi nümayəndəsinin X sosial media saytında yaydığı bəyanatı qrup lideri İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına bənzər olaraq yeni "sualtı silahlar" da daxil olmaqla, Qırmızı dənizdə və digər sularda gəmilərə hücumları artırdığını bəyan etdikdən az müddət sonraya təsadüf edib.

İsrail-HƏMAS müharibəsinin davam etdiyi və Qəzzada ölənlərin sayının təxminən 30 minə çatdığı bir vaxt, husi militantları noyabr ayından bəri Qırmızı dəniz, Bab Əl-Məndəb boğazı və Ədən körfəzində fələstinlilərə dəstək məqsədilə dəfələrlə pilotsuz təyyarələr və raketlərlə hücumlar həyata keçirib.

"Qırmızı və Ərəb dənizləri, Bab Əl-Məndəb boğazı və Ədən körfəzindəki əməliyyatlar davam edir, güclənir və effektivdir" - deyə, Əbdül Malik Əl-Husi televiziya ilə çıxışında bildirib. O, sualtı silahların təfərrüatlarını açıqlamayıb.

Qrupun hücumları qlobal dəniz nəqliyyatının təxminən 12%-nin keçdiyi Süveyş Kanalında mühüm ticarət yolunu sıradan çıxarır. Bu səbəbdən şirkətlər Afrika ətrafında daha uzun, daha bahalı marşrut seçməyə məcbur olur.

Husilər hərbi kampaniyanı gücləndirməyə çalışaraq cümə axşamı yükdaşıyanlara və sığortaçılara ABŞ və Britaniyanın İsraillə əlaqəli gəmilərinin ətraf dənizlərdə üzməsinə, onların sözü ilə qadağa qoyduqları barədə rəsmi bildiriş göndərib.

Həmin bildirişdə deyilir ki, İsrail, ABŞ və Britaniyada fiziki və ya hüquqi şəxslərə məxsus və ya onların bayraqları altında üzən gəmilərin Qırmızı dəniz, Ədən körfəzi və Ərəb dənizindən keçməsi qadağan edilib.

Forum

XS
SM
MD
LG