Accessibility links

HRW: Azərbaycan hakimiyyətini divantutmaya son qoymağa çağırırıq


HRW
HRW

"Azərbaycan hakimiyyəti iyulun 14-də Bakıda icazəsiz keçirilən mitinqdən sonra çoxsaylı müxalifət fəallarını və liderlərini saxta cinayət ittihamları ilə həbs etdi. Həmin gün orduya dəstək yürüşünə minlərlə Bakı sakini qatılmışdı. İttihamlar isə karantin qaydalarının pozulması, əmlaka ziyan və hakimiyyətin ələ keçirilməsi ilə bağlıdır.”

Bu barədə avqustun 19-da Human Rights Watch (HRW) beynəlxalq insan hüquqları təşkilatının Azərbaycanda son bir ayda müxalifət fəallarının həbsinin artması ilə bağlı yaydığı bəyanatda deyilir.

“Azərbaycanda son həbs dalğası siyasi motivli həbs və təqiblərin davamıdır, ölkənin ən qocaman müxalifət partiyalarının birini məhv etməklə hədələyir. Hakimiyyət bu divantutmaya dərhal son qoymalı, ədalətsiz həbs olunanları buraxmalı, hüquq-mühafizə əməkdaşlarının davranışını araşdırmalıdır,” təşkilatın Avropa və Orta Asiya üzrə direktor köməkçisi Giorgi Gogia deyib.

Bakıda yürüş
Bakıda yürüş

“Human Rights Watch” 11 vəkillə danışdığını, iyulun 15-dən bəri saxlanan 10 nəfərin məhkəmə sənədlərini nəzərdən keçirdiyini qeyd edib.

Təşklat prezident İlham Əliyevin yürüşdən bir gün sonrakı nitqinə də toxunub.

Prezident AXCP-ni zorakılığı qızışdırmaqda ittiham etmiş, partiya üzvlərini “satqınlar”, “düşmənlər”, “5-ci kolon” adlandırmış, məsələni “birdəfəlik həll etmək” vədi vermişdi.

Polis 14-15 iyul aksiyasını gözyaşardıcı qaz, su şırnaqları, rezin güllələrlə dağıdıb. Rəsmi məlumatda azı 7 polis əməkdaşının xəsarət aldığı, 16 avtomobilə ziyan dəydiyi, onlardan ikisinin dağıdıldığı bildirilir.

“İctimai asayişin pozulması, hökumət nümayəndəsinə müqavimət, yaxud gücdən istifadə” maddələri ilə cinayət işi açılıb. Fəallar azı 80 nəfərin saxlandığını bildirsələr də, dəqiq say bəlli deyil.

Vəkillər saxlanan 17 AXCP üzvündən heç birinin həmin gecə parlamentə girmədiyini deyir. Çoxları heç yürüşə belə qatılmayıb. Ancaq 16 AXCP fəalına hökumət nümayəndəsinə qarşı zorakılıq, ictimai asayişin pozulması, əmlakın dağıdılması, birinə isə yolxucu xəstəlik yaymaq ittihamı irəli sürülüb.

“Human Rights Watch” həbs edilən AXCP üzvləri- Asif Yusifli, Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli, Məhəmməd İmanlı və digərlərinin ittiham olunduğu maddələrdən danışıb.

Həbs edilən AXCP fəalları
Həbs edilən AXCP fəalları

AXCP üzvləri saxlanandan sonra ciddi prosedur qaydaları pozuntularına yol verildiyini vurğulayır. Məsələn, saxlananlar öz vəkillərini tələb etsələr də, onlara dövlət tərəfindən vəkillər təyin olunub. Bundan başqa saxlananlara işgəncə verilməsi iddiaları səslənib. AXCP-nin aparıcı üzvlərindən Seymur Əhmədov saxlanarkən döyülməsindən prokurorluğa şikayət edib.

Qurum Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası daxil olmaqla bir sıra beynəlxalq sazişlərin üzvü olmasına diqqət çəkir. Bu konvensiyalar qanunsuz saxlanmanı qadağan edir, saxlananın özünün seçdiyi vəkillə təmin olunmasına zəmanət verir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri iyulun 31-də bu ölkədə hökumət tənqidçilərinin saxlanmasından “dərin narahatlıq” ifadə ediblər. Amma prezident Əliyev 15 iyul çıxışında deyirdi ki, Avropa Şurası və digər beynəlxalq təşkilatlardan gələn tənqidlərə “əhəmiyyət verməyəcək”.

“Azərbaycanın beynəlxalq tərəfdaşları Əliyevin bu davakar nitqindən çəkinməməli, təzyiqlərlə bağlı səslərini çıxarmalıdırlar. Onlar Azərbaycan hakimiyyətini düzgün olanı etməyə – divantutmaya son qoymağa və ədalətsiz yerə həbs olunanları buraxmağa çağırmalıdırlar,” Gogia deyib.

Öz növbəsində, rəsmi Bakı tənqidləri qəbul etmir, ölkədə insanların siyasi iradəsində görə təqin edilmədiyini və bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

XS
SM
MD
LG