Accessibility links

HRW Banqladeşi dənizdə ilişib qalan Rohincaları qəbul etməyə çağırır


Human Rights Watch Banqladeşi Rohinca qaçqınları ilə dolu iki qayığı dərhal sahilə yan almağa icazə verməyə və qaçqınların lazımi ərzaq, su və səhiyyə xidmətləri ilə təmin olunmasına “dərhal icazə” verməyə çağırıb.

İnsan haqları qrupu şənbə günü yaydığı bəyanatda Benqal körfəzində qayıqlarda həftələrdir kifayət qədər qida və su qəbul etməyən yüzlərlə qaçqının ilişib qaldığını bildirib.

Banqladeşin xarici işlər naziri Əbdül Momen cümə axşamı deyib ki, o, daha Rohincaların ölkəyə daxil olmasına icazə verməyəcək çünki “Banqladeşdən hər zaman başqa ölkələrin məsuliyyətlərini boyuna alması istənilir.”

O əlavə edib ki, COVID-19 pandemiyası səbəbilə bir çox banqladeşli ölkəyə geri qayıtdığı üçün onların “xarici vətəndaşlar və ya qaçqınlar üçün sığınacaq yerləri yoxdur.”

Banqladeşdə qaçqın düşərgələrində Myanmada təqiblərdən qaçan bir milyona yaxın Rohinca qaçqını yaşayır.

“Banqladeş Myanma ordusunun vəhşilik cinayətləri nəticəsində ağır yükü boynuna alıb, amma bu, qayıqlarla dolu qaçqınları dənizdə ölümə tərk etmək üçün bəhanə olmamalıdır,” Human Right Watch təşkilatının Asiya bölməsinin direktoru Brad Adams bildirib.

Adam deyib ki, Banqladeşin baş naziri Şeyx Hasina Myanmadan qaçan Rohincaları sığınacaqla təmin etdiyi üçün özünü “İnsanlıq Anası” adlandırıb, amma indi onun höküməti bu qaçqınlardan üz döndərir.

“Aidiyyati hökümətlər Banqladeşi Rohincalarla dolu bu iki qayığı sahilə qəbul etməyə və bu qaçqınlar ilə dolu düşərgələrdə yaşayan digər qaçqınları maddi dəstəklə təmin etməyə çağırmalıdır,” Adams əlavə edib.

XS
SM
MD
LG