Accessibility links

Huawei şirkəti ABŞ hökümətini məhkəməyə verir


Çinin texnologiya nəhəngi Huawei dövlət orqanları və podratçıları şirkətlə iş görməkdən çəkindirdiyi üçün ABŞ qanunvericiliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Texasın federal məhkəməsinə təqdim olunan iddiada göstərilir ki, Huawei şirkətinin ABŞ-da bizneslə məşğul olmasını məhdudlaşdıran qanun layihəsi konstitusiyaya ziddir.

Konqres Huawei və Çinin digər texnologiya nəhəngi olan ZTE Corp şirkətlərinin Çinin kəşfiyyat orqanları tərəfindən manipulyasiya edilə biləcəyini və ABŞ-ın milli təhlükəsizliyi üçün risk yaratdığını iddia edərək, bu şirkətlərə qarşı məhdudlaşdırıcı qanun layihəsi qəbul etmişdi.

“Huawei ABŞ hökumətinin təhlükəsizlik narahatlığını həll etməyə hazırdır. NDAA qadağasının qaldırılması ABŞ hökumətinə Huawei ilə işləmək və real təhlükəsizlik məsələlərini həll etmək üçün lazım olan rahatlığı verəcək. Huawei son çarə olaraq bu cür huquqi addımlar atmağa məcburdur” - deyə, şirkətin nümayəndəsi Quo Pinq bildirib.

Kanadada ev dustaqlığında olan Huawei şirkətinin maliyyə şöbəsinin rəhbəri Menq Vanzhou
Kanadada ev dustaqlığında olan Huawei şirkətinin maliyyə şöbəsinin rəhbəri Menq Vanzhou

Məhkəmə işi Huawei şirkəti ilə ABŞ qanunvericiləri arasında gedən hüquqi savaşın digər yarısıdır. Şirkətinin maliyyə şöbəsinin rəhbəri Menq Vanzhou dekabr ayında Vankuver şəhərində təyyarəsini dəyişərkən ABŞ-ın tələbi ilə həbs edilmişdi. O, Vaşinqton tərəfindən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham edilir.

Onun vəkilləri məhkəmədə iddia edib ki, ABŞ prezidenti Donald Trampın siyasi şərhləri səbəbindən onun müdafiəsini tərtib etmək üçün daha çox vaxt lazımdır.

ABŞ rəsmiləri Menq Vanzhounun ekstradisiya iddiasının Çinin ticarət, investisiya və intellektual mülkiyyət hüquqları siyasəti ilə bağlı ABŞ-ın narahatlıqlarının həllinə yönəlmiş daha geniş ABŞ-Çin ticarət danışıqlarına aid olduğunu rədd edir.

Çərşənbə günü Dövlət Departamenti Amerikanın Səsinə bildirib ki, Vanzhounun məhkəmə işi hüquq-mühafizə məsələsidir və ABŞ-ın ekstradisiya tələbini nəzərə almaqla, Kanada qarşılıqlı müqavilə öhdəliklərini yerinə yetirir.

XS
SM
MD
LG