Accessibility links

Huawei-nin həbsdə olan rəsmisi Kanada hökümətini məhkəməyə verir


Çinin texnologiya nəhəngi Huawei şirkətinin maliyyə şöbəsinin rəhbəri Kanada hökumətini, onun sərhəd təhlükəsizlik agentliyini və milli polis idarəsini məhkəməyə verir.

Menq Vanzhou dekabr ayında Vankuver şəhərində təyyarəsini dəyişərkən ABŞ-ın tələbi ilə həbs edilmişdi. O, Vaşinqton tərəfindən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham edilir.

Menqin vəkili onun günahsız olduğunu bildirir.

Kanada ədliyyə şöbəsindən verilən məlumata görə, ekstradisiya məhkəməsinin vaxtını təyin etmək üçün Menq çərşənbə günü Vankuver məhkəməsi qarşısına çıxarılacaq.

Bu hadisə Çinlə Kanada münasibətlərini pisləşdirib. Menqin həbsindən sonra Çin iki Kanada vətəndaşını milli təhlükəsizliyə hədə ittihamı ilə həbs edib. Bundan əlavə əvvəllər narkotik qaçaqmalçılığına görə həbs edilmiş daha bir kanadalını ölüm hökmünə məhkum edib.

Çin höküməti dəfələrlə Kanadaya Menqin azad edilməsi üçün çağırış edib. Lakin Kanada bunun siyasi deyil, hüquqi məsələ olduğunu bildirərək bundan imtina edib.

Hazırda Menq Kanadada ev dustaqlığındadır.


XS
SM
MD
LG