Accessibility links

Qərbi Azərbaycan vilayətində milli fəal həbs və şallaq cəzasına məhkum edilib


Hüccət İsmətzadə
Hüccət İsmətzadə

Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərində milli fəal Hüccət İsmətzadə 2 il 6 ay həbs və 50 zərbə şallaq cəzasına məhkum edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, Nəğədə Cəza Məhkəməsi fəala qarşı qiyabi olaraq hökm çıxarıb.

Amerikanın Səsinin də surətini əldə etdiyi məhkəmə sənədində yazılanlara görə, Rza oğlu Hüccət İsmətzadə “ümumi intizamı pozmaq” ittihamı ilə 50 zərbə şallaq və bir il həbs, “internetdə özəl videogörüntü yaymaq” ittihamı ilə isə 18 ay həbs cəzasına məhkum edilib.

İsmətzadə keçən ilin sentyabr ayında Sulduzun Saxsıtəpə kəndində baş verən qarışıqlıqla bağlı məlumat yaydığı üçün mühakimə edilib.

2021-ci ilin sentyabr ayının 3-də Saxsıtəpə kəndində bir neçə ailənin qarışdığı münaqişə səbəbilə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanmışdı. Məhkəmə hökmündə sözügedən “özəl videogörüntü” həmin hadisələrin görüntüləridir.

Milli fəal hadisələrin görüntülərini yaymaq ittihamı ilə əlaqədar daha əvvəl iki dəfə nəzarət altına alınıb. O, 2021-ci ilin sentyabr ayında 1 gün, noyabr ayında isə 4 gün təhlükəsizlik qurumunun nəzarətində saxlanılıb.

XS
SM
MD
LG