Türkiyənin müdafiə naziri Hulusi Akar Ankaranın Rusiyadan S-400 raket müdafiə sistemi alması ilə əlaqədar olaraq ABŞ tərəfindən mümkün sanksiyalara hazır olduğunu bildirib. O eyni zamanda, Birləşmiş Ştatlarla F-35 tipli döyüş təyyarələri ilə bağlı danışıqlarda inkişafın müşahidə edildiyini bəyan edib.
Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətlərdə Ankaranın S-400 raket müdafiə sistemi almaq qərarı da daxil olmaqla, bir neçə məsələ ətrafında gərginliklər mövcuddur. Vaşinqton bu sistemlərin NATO avadanlığına uyğun gəlmədiyini və bunun Türkiyənin F-35 tipli döyüş təyyarələrinin istehsalında rolunu təhlükə altına ala biləcəyini bildirib.
ABŞ bundan öncə Türkiyənin Rusiyadan raket sistemi alması ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiq edilməsinin mümkünlüyü ilə hədələyib. Vaşinqtonun Ankaraya qarşı CAATSA-ya (Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə əks tədbir haqda qanun) uyğun olaraq sanksiya təhdidinə baxmayaraq, Türkiyə ABŞ prezidenti Donald Trampın ölkəni bundan qoruyacağını gözlədiyini bildirib.
F-35 təyyarələrinin istehsalında tərəfdaş ölkələrdən biri olan Türkiyə həm də bu təyyarələrin alıcısı mövqeyindədir. Ankara S-400 raket müdafiə sistemi və Amerikanın Lockerd Martin şirkəti tərəfindən istehsal edilən döyüş təyyarələrinin bir-birinə təsir göstərməyəcəyini və Rusiya ilə razılaşmadan geri çəkilməyəcəyini bildirib.
Müdafiə naziri Hulusi Akar çərşənbə axşamı günü müxbirlərlə söhbətində Türkiyənin F-35 təyyarələri ilə bağlı öz öhdəliklərinə əməl etdiyini və proqramın planlaşdırıldığı kimi davam etdiriləcəyini gözlədiyini bildirib. O deyib ki, S-400 raket müdafiə sisteminin alınması Türkiyənin müdafiə sahəsində ehtiyaclarının təmin edilməsi məqsədi daşıyır və heç bir təhlükə yaratmır.
“Biz ikitərəfli bütün razılaşmalara əməl edirik. Vaxtaşırı problemlər olsa da, biz indiyə qədər kəskin dönüşün olmamasından razıyıq…Türkiyə həmçinin CAATSA sanksiyalarının tətbiqinin mümkünlüyünə də hazırlıqlar görür” - deyə, Hulusi Akar bildirib.
“Bizim Birləşmiş Ştatlarla danışıqlarımızda Fərat çayının şərqində vəziyyət və F-35 təyyarələri ilə bağlı məsələlərdə yumşalma və yaxınlaşma müşahidə edirik”, Türkiyə müdafiə naziri əlavə edib.
Türkiyə lirəsi keçən il milli valyuta böhranı nəticəsində iqtisadiyyata ciddi zərər vurmuş ABŞ sanksiyalarının tətbiq edilə bilməsi ilə bağlı narahatlıqlara görə bir az da dəyər itirib.
ABŞ və Vaşinqton arasında mübahisələrə səbəb olan daha bir məsələ Suriyada Fərat çayının şərqində strategiya ilə bağlıdır. Birləşmiş Ştatlar bu regionda Türkiyənin düşmən adlandırdığı Suriya kürdlərinin qüvvələrini dəstəkləyir.
Reuters agentliyinin mart ayında verdiyi məlumata əsasən, Vaşinqton Türkiyənin F-35 tipli döyüş təyyarələrinin istehsalı layihəsindən çıxarılıb-çıxarılmaması məsələsini nəzərdən keçirir.