Accessibility links

Human Rights House Foundation blogerin Azərbaycandan çıxışına qadağanın aradan qaldırılmasına çağırır


Human Rights House Foundation
Human Rights House Foundation

Human Rights House Foundation beynəlxalq hüquq-müdafiə şəbəkəsi Azərbaycan hakimiyyətini bloger Mehman Hüseynovun ölkədən çıxışına qadağanın götürülməsinə çağırıb.

Təşkilat 9 aprel tarixli bəyanatında xatırladır ki, qadağa 2012-ci ildə qoyulub, lakin Mehman Hüseynov həbs cəzasını çəkib və bu yaxınlarda yeni pasport alıb.

"Ancaq ondan istifadəyə ilk cəhd zamanı məlum olub ki, qadağa əvvəlki kimi qüvvədədir. Mehman Hüseynovun jurnalist və hüquq müdafiəçisi kimi qanuni fəaliyyəti, o cümlədən beynəlxalq forumlara səfəri Azərbaycan cəmiyyəti üçün vacibdir. Biz bir daha hakimiyyətdən onun hüquqlarının bərpasını və səfərə qadağanın aradan qaldırılmasını xahiş edirik," bəyanatda deyilir.

Mehman Hüseynov aprelin 9-da AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin QHT-lərlə bağlı konfransında iştirak etmək üçün Strasburqa gedirdi. Aprelin 10-da Hüseynovun İFEX-in - RATİ-nin üzvü olduğu Beynəlxalq Jurnalist Təşkilatları Şəbəkəsinin illik konfransında iştirakı planlaşdırılırdı. Aprelin 11-də bloger AŞPA-nın yaz sessiyası çərçivəsində korrupsiyaya qarşı mübarizə məsələlərinə və təşkilatçılarından biri RATİ olan "Azərbaycan landromatı" araşdırmasına həsr olunmuş "paralel müzakirələrdə" iştirak etməli idi.

Aprelin 12-də isə blogerin Vyanada ATƏT-in KİV azadlığı üzrə sədri Harlem Dezirin təşkil etdiyi jurnalistlərin təhlükəsizliyi məsələlərinə həsr olunmuş konfransda iştirakı planlaşdırılırdı.

Mehman Hüseynov böhtan ittihamı ilə mühakimə olunmuşdu. O, iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.

Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılmış, lakin ölkə daxilində və xaricdə etirazların nəticəsində ittiham aradan qaldırılmışdı.

XS
SM
MD
LG