Accessibility links

Human Rights Watch Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilən hücumlarla bağlı araşdırma yayıb


Dağlıq Qarabağ münaqişəsi zamanı dağıdılan məktəblər
Dağlıq Qarabağ münaqişəsi zamanı dağıdılan məktəblər

Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı bu gün, sentyabrın 8-də “Müharibədən çıxarılan dərslər: 2020-ci ilin payızında Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilmiş hücumlar” adlı araşdırma yayıb.

Araşdırmada qeyd olunur ki, uşaqlar ötən ilin payızında hərbi əməliyyatların ilk günündə qurbanlar olublar.

"27 sentyabr 2020-ci il tarixində atılan mərmi Viktoria Gevorgyanı öldürdü. Onun cəmi 9 yaşı vardı. Mərmi onun yaşadığı Martuni rayonundakı (Xocavənd rayonu) evinin həyətinə düşmüşdü. Elə həmin gün digər bir mərmi Azərbaycanın Qaşaltı kəndində (Goranboy rayonu) 13 yaşlı Şəhriyar Qurbanovu və onun 14 yaşlı əmisi qızı Fidan Qurbanovanı ailənin digər üç üzvü ilə birlikdə evlərinin həyətindəcə öldürdü”, hesabatda deyilir.

"Növbəti altı həftə ərzində döyüşlərdə 150-dən çox mülki vətəndaş öldürüldü. Viktoriya, Şəhriyar və Fidan ölənlər arasında tək deyildilər: müharibə zamanı daha 10 azərbaycanlı uşaq öldürülmüşdü", təşkiların araşdırmasında bildirilir.

Rəsmi mənbələrə əsasən, ikisi Ermənistan Respublikasında olmaqla erməni tərəfində ən azı 71 məktəb, Azərbaycanda 54 məktəb dağıdılıb və ziyan dəyib. Bir sıra uşaq bağçası, incəsənət və idman məktəbləri, texnikumların hücuma məruz qaldığı bildirilir.

Dağlıq Qarabağda bəzi məktəblərdən səhra hospitalları və kazarmaları kimi istifadə olunduğu, məktəblərin bir hissəsinin yerli sakinlər və hərbi qulluqçular tərəfindən talan edildiyi qeyd edilir.

Hesabatda Tərtər və Bərdə şəhərlərində, Tərtər, Ağdam rayonlarının kəndlərində mərmilərin uşaq bağçalarına və məktəblərə düşməsi faktları əks olunub.

"Oktyabrın 17-də gecə iki Scud-B ballistik raket Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni vuraraq 21 nəfərin ölümünə səbəb olub. İlk partlayış Muxtar Hacıyev küçəsindəki evləri dağıdaraq 250 metr aralıda yerləşən 29 saylı orta məktəbi və 10 saylı uşaq bağçasını dağıdıb. Zərbə hətta 850 metr aralıda yerləşən 18 saylı məktəbin pəncərələrini sındırıb. Hücum zamanı 10 mülki vətəndaş evlərində həlak olub. Onların dördü 29 saylı məktəbin şagirdləri olub – 11 yaşlı Orxan, onun bacısı 6 yaşlı Məryəm, həmçinin onların digər bacısı və anası; nənəsi tərəfindən himayə edilən 13 yaşlı Artur və digər 4 ailə üzvü ilə birlikdə həlak olan 14 yaşlı Nigar", hesabatda bildirilir.

HRW Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə – Xankəndi, Xocavənd və Xocalı rayonlarında da məktəblərə ziyan dəydiyini, Ermənistan tərəfinin məktəblərdən hərbçilərin yerləşdirilməsi üçün istifadə etdiyini qeyd edib.

"1 saylı məktəb işçilərinin sözlərinə görə, Martuni (Xocavənd) şəhərində təmirə başlamaq mümkün olmayıb, çünki noyabrın 10-da məktəbdə "Arsax müdafiə ordusu"nun hərbi qulluqçuları yerləşdirilib. Dekabrın 19-da hərbçilər məktəbi azad ediblər.

Məktəbə qayıdandan sonra müəllimlər aşkar ediblər ki, oranın əmlakı qarət edilib", hesabatda deyilir.

"Bizim kompüterlər oğurlanıb", - müəllimlər şikayətlənib. O cümlədən səkkiz planşet və iki noutbuk çıxarıblar, onlar yeni gətirilmişdi, hətta açılmamışdı. Həmçinin onların kimya laboratoriyasının avadanlıqlarını, eləcə də kseroks və telefonlarını da aparıblar", araşdırmada qeyd olunur.

Ağdərə şəhərində 2 saylı məktəbin də talan edildiyi qeyd edilir. "Atəş dayandırıldıqdan sonra da məktəblərdən hərbi məqsədlər üçün istifadə edilməsinə dair bir neçə hal olub. Məsələn, noyabrın sonlarında Laçında 1 saylı yerli məktəbdən erməni qüvvələri kazarma kimi istifadə edirdi", hesabatda deyilir.

HRW cəbhə xəttinin hər iki tərəfində, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin məktəblərin tikintisi və təmirilə bağlı bu tədris ilində bütün uşaqların məktəbə çıxışını təmin etmək öhdəliyini öz üzərinə götürməli olduğunu bildirib.

"Ermənistan və Azərbaycan 2020-ci il münaqişəsi zamanı ziyan dəymiş ərazilərdə insan haqları pozuntularının qeydə alınması, insan haqlarının vəziyyəti, ortaya çıxan problemlər və risklər haqda mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması üçün beynəlxalq və müstəqil insan haqları monitorinq qruplarının ərazidə iştirakını təmin etməlidir. Yerevan və Bakının beynəlxalq tərəfdaşları ərazidə belə bir monitorinqin təşkil olunması ilə bağlı açıq çağırış etməlidir" - deyə, Human Rights Watch təşkilatının açıqladığı hesabatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG