Accessibility links

Human Rights Watch: Tofiq Yaqublu həbsdən azad edilməlidir


Tofiq Yaqublu

“Azərbaycan həbsdə olan müxalifət liderini azad etməlidir.”

Bu barədə “Human Rights Watch” təşkilatı Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsinin ikinci ayının tamam olması münasibətilə yaydığı bəyanatında deyilir.

Təşkilatın Avropa və Orta Asiya bölməsindən Catherine Pilishvili Yaqublunun məhz fəaliyyətinə görə həbs olunduğunu yazır.

“Hakimiyyət Yaqublunun həbsinə bəhanə tapmağa vaxt sərf etmədi, onu saxta “xuliqanlıq” ittihamı ilə saxladı. Hökumətləri həbs yerlərində saxlanılanların sayını azaltmağa, onlar barəsində alternativ həbs qətimkan tədbiri seçməyə, bununla da Covid-19-un yayılma riskini azaltmağa çağırırlar. Azərbaycan hakimiyyəti isə Yaqublunu Şüvəlandakı 3 saylı təcridxanada saxlayır. Bu təcridxana məhbus sayına, çirkli kameralarına, zəif işıqlandırma və ventilyasiya sistemlərinə görə tənqid olunur,” Pilishvili yazır.

O, Tofiq Yaqublunun ev dustaqlığına buraxılmadığımı, onun səhhətində problemlər olduğunu və buna görə da Covid-19-a yoluxma riskinin böyük olduğunu bildirir.

“Həm Avropa Şurası, həm də Birləşmiş Ştatlar Bakını Yaqublunu azad etməyə çağırıb. Amnesty International onu vicdan məhbusu elan edib. Azərbaycan hökuməti bu çağırışlara qulaq asmalı, Yaqublunu azad etməli, ona və digər tənqidçilərə qarşı xüsusilə pandemiya dövründə siyasi qisasçılığa son qoymalıdır,” bəyanatda qeyd edilir.

Çoxsaylı beynəlxalq təşkilatlar Tofiq Yaqublunun həbsini pisləyərək hakimiyyəti onu dərhal azad etməyə çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar hökuməti Azərbaycanda müxalifət lideri Tofiq Yaqublunun həbsindən və ona qarşı ittihamlardan narahatdır.

Rəsmi məlumat

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi avtomobil Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.

Tofiq Yaqublu ittihamları rədd edir

Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Yaqublu məhkəmədə deyib ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır.

Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir.

Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb). O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq inzibati həbs olunmuşdu. Bu həbs zamanı Tofiq Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.

Şərhlərə bax

XS
SM
MD
LG