Accessibility links

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur 


  
 

Noyabrın 14-də ABŞ səfriliyinin müvəqqəti işlər vəkili Uilyam Gil ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə keçirilən “Azərbaycanda qadın sahibkarlığının inkişafı” adlı konfransda çıxış edərək, qadınların Azərbaycanda iqtisadiyyatın inkişafı və şaxələndirilməsində mühüm rol oynadıqlarını vurğulayıb.

Təbbirdə Milli Məclisin deputatı Vahid Əhmədov, USAID-in missiya direktoru Caydev Sinqx, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov, dövlət qurumlarının, diplomatik missiyaların, beynəlxalq və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, habelə Bakıdan və rayonlardan qadın sahibkarlar iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, konfrans USAID-in tərəfdaşı olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardim Fondu tərəfindən 2018-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində təşkil olunub. Qadın sahibkarlığın inkişafına dair strategiyalar müzakirə olunub.

Uilyam Gil deyib ki, qadınların iqtisadi iştirakçılığının artırılması ABŞ hökumətinin qlobal gender bərabərliyinə dair siyasətinin əsas elementlərindəndir, habelə iqtisadi inkişafın və icma dayanıqlığının mühüm aspektlərindəndir.

“Biz qadın sahibkarları və qadınlara məxsus kiçik və orta bizneslərə dəstək göstərmək üçün Azərbaycan hökuməti və xalqı ilə birgə çalışırıq”, o qeyd edib.

Hazırda USAID qadın sahibkarlara dəstək göstərən bir neçə layihəni maliyyələşdirir. Buraya biznes inkişaf təlimləri, kiçik start-uplara yardım və qadın resurs mərkəzləri daxildir. Bu layihələr Azərbaycanda müxtəlif yaşda olan qadınlara öz bizneslərini, məsələn kitab mağazası, şirniyyat sexi, dərzi atelyelər açmağa kömək edib.

2008-ci ildə başlamış Qlobal Sahibkarlıq Həftəsi yeni ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyəyini qeyd edən vacib hadisədir. 12-18 noyabr tarixlərində bütün dünyada milyonlarla insan yeni nəsl sahibkarları ruhlandıracaq, birləşdirəcək və cəlb edəcək müxtəlif tədbir və müsabiqələrdə iştirak edəcək.

XS
SM
MD
LG